RU

FIFA Klub Dünya Kuboku: PSJ uduzdu, “İnter Mayami” sevindi

Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.

Arena.az xəbər verir ki, ötən gecə qrup mərhələsinin 2-ci turuna start verilib.

İki qrup çərçivəsində bütövlükdə dörd qarşılaşma baş tutub.

A qrupunun “Palmeyras” (Braziliya) – “Əl-Əhli” (Misir) oyunu qeyri-sabit hava şəraiti səbəbindən yarımçıq dayandırılıb. Görüş ikinci hissənin 63-cü dəqiqəsində saxlanılıb. Oyunun dayandırıldığı anda “Palmeyras” 2:0 hesabı ilə öndə olub. Daha sonra oyun davam etdirilib və yekunda Braziliya klubu inamlı qələbəni bayram edib. 49-cu dəqiqədə Abu Alinin avtoqoluna sevinən “Palmeyras”ın digər qoluna 59-cu dəqiqədə Flako Lopes imza atıb.

Bu qrupun digər oyununda ABŞ təmsilçisi “İnter Mayami” Portuqaliyanın “Portu” komandası ilə qarşılaşıb. Üç qolluq oyunda MLS klubu 2:1 hesablı əzmkar qələbəni bayram edib. “Portu” 8-ci dəqiqədə Samunun penaltidən vurduğu qolla hesabda önə keçsə də, “İnter Mayami” 47-ci dəqiqədə Telasko Seqoviyanın qolu ilə hesabı bərabərləşdirib. 54-cü dəqiqədə isə Mayami klubunun argentinalı ulduzu Lionel Messi matçda son nöqtəni qoyub – 2:1.

İki turdan sonra 4 xalı olan “Palmeyras”la “İnter Mayami” ilk iki yeri bölüşdürürlər. “Portu” və “Əl-Əhli”nin isə 1 xalı var.

Daha sonra B qrupunun oyunları keçirilib. UEFA Çempionlar Liqasının qalibi PSJ qrup mərhələsinin ikinci turunda Braziliyanın “Botafoqo” komandasına 0:1 hesabı ilə məğlub olub. Kaliforniya ştatının Pasadena şəhərində keçirilmiş görüşdə yeganə qolu 36-cı dəqiqədə braziliyalı hücumçu İqor Jezus vurub.

Bu qrupun digər matçında İspaniyanın “Atletiko” komandası Amerikanın “Sietl Saunders” komandasına qalib gəlib – 3:1. MLS təmsilçisinin yeganə qolunu Albert Rusnak vurub. Madrid klubunun heyətində isə Pablo Barrios dubla imza atıb, digər qolun müəllifi belçikalı yarımmüdafiəçi Aksel Vitsel olub.

İki turun nəticələrinə görə, “Botafoqo” B qrupunun turnir cədvəlinə 6 xalla liderlik edir. Pley-offa çıxmaq üçün Braziliya komandasının qrup mərhələsinin son matçında məğlub olmaması kifayətdir.

FIFA Klub Dünya Kuboku iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda iştirak edir və onlar 8 qrupa bölünüblər. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.

FIFA Klub Dünya Kuboku
Qrup mərhələsi, 2-ci tur

A qrupu

Palmeyras (Braziliya) – Əl-Əhli (Misir) 2:0
Qollar: Abu Ali, 49-öz qapısına – Flako Lopes, 59.

İnter Mayami (ABŞ) – Portu (Portuqaliya) 2:1
Qollar: Telasko Seqoviya, 47. Lionel Messi, 54 – Samu, 8-pen.

B qrupu

Sietl Saunders (ABŞ) – Atletiko (Madrid, İspaniya) 1:3
Qollar: Albert Rusnak, 50 – Pablo Barrios, 11; 55. Aksel Vitsel, 47.

PSJ (Fransa) – Botafoqo (Braziliya) 0:1
Qol: İqor Jezus, 36.

Избранный
17
arena.az

1Источники