RU

Naxçıvanlılara VACİB XƏBƏR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması qaydası müəyyənləşir

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması qaydası müəyyənləşir.

 

Bu, Milli Məclisin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində əksini tapıb.

 

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavə edilməsi təklif olunan 28-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 deputatın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən və ya Konstitusiyanın müvafiq maddələrində (26-cı maddənin II–V hissələri və və 27-ci maddə) göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılacaq.

 

Layihəyə əsasən, növbədənkənar seçkilərdə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçiriləcək.

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 26-cı maddənin (Qanunvericilik təşəbbüsü hüququ) II–V hissələri aşağıdakılardır:

 

- Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qanunvericilik təşəbbüsü qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verdiyi qanun və qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

 

- Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın razılığı ilə edilə bilər.

 

- Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının Naxçıvan Muxtar Respublikası Baş nazirinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etdiyi qanun və qərar layihələri iki ay ərzində səsə qoyulur.

 

- Qanun və qərar layihəsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikasının Baş naziri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən (Qanunların və qərarların imzalanması), qanunlar və qərarlar qəbul edildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən imzalanır. Təcili elan olunan qanun və qərar layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən qəbul edildiyi gündən 24 saat ərzində imzalanır.

Tarix: 20 İyun 2025, 12:19   
Избранный
5
pravda.az

1Источники