RU

Dünyadan bir Simax Şeyda keçdi... İmran Verdiyev yazır

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İmran VERDİYEV Əməkdar müəllim 

Oğuz rayonunda yaşasam da, adını dəfələrlə eşitsəm də, bir neçə kitabını oxusam da, 2007-ci ilin yazına qədər şəxsi tanışlığım yox idi onunla. Yaxşı yadıma gəlir, həmin yaz Oğuz şəhərindəki istirahət mərkəzlərinin birində bir dostumun sayəsində onunla tanış olmuş, söhbətlərini dinləmişdim.

Elə o vaxt Azərbaycanı, onun füsunkar guşələrindən biri olan göz açdığı Oğuzu və uzun illər yaşadığı və işlədiyi qədim Gəncəni nə qədər çox sevdiyini duymuşdum. Hiss etmişdim ki, zərurətdən xarici ölkələrdə yaşasa da, ürəyi həmişə doğma yurdu üçün çırpınır. Dağ yəhudilərindən idi. Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü, Azərbaycan-İsrail dostluğunun tərənnümçüsü sayılırdı. Əsərləri Azərbaycan oxucusuna hələ 1950-ci illərin ortalarından məlum idi.

Simax Şeyda (Yuşbayev Simax Barux oğlu) 1936-cı il iyunun 20-də Oğuz şəhərində anadan olmuşdu. Şeyda onun təxəllüsü idi. Müsahibələrinin birində bu barədə deyirdi: "Şeyda vurğun deməkdir. Mənim soyadım Yuşbayevdir. Şeyda təxəllüsümdür. Tarixdə Şeyda təxəllüsü ilə yazanlar çox olub. Bir də dahi Hüseyn Cavidin "Şeyda" pyesi var. Bunlardan sonra Şeyda adı mənim təxəllüsümdə çəkilir. Yaddaşlarda da belə qalacam: Simax Şeyda kimi..." 

Sonralar ailəlikcə Gəncə şəhərinə köçmüşdülər. Orta təhsilini orada almışdı. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin məzunu idi.

Simax Şeyda əmək fəaliyyətinə də Gəncə şəhərində Rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist kimi başlamışdı. Sonralar orada baş metodist və direktor işləyib.

1965-ci ildən sonrakı fəaliyyəti Bakı ilə bağlı olub. O, Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri (1965-1990) və paralel olaraq "Azərteatr" Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb. Azərbaycanda xalq teatrlarının fəaliyyətinin canlandırılmasında böyük əməyi olub.

1990-cı ildə Azərbaycandan İsrailə köçdü. Gedişinin səbəbi xəstəliyilə bağlı idi. Ürəyində kəskin ağrılar başlamışdı. O zamanlar burada ağır ürək əməliyyatları həyata keçirilmirdi. Həkimlər xaricə getməyini məsləhət görmüşdülər. Əvvəlcə İsrailə getmiş və ilk dəfə orada ürəyindən əməliyyat olunmuşdu. Daha sonra Almaniyaya köçmüş, müalicəsini davam etdirmişdi. Vaxtaşırı müalicəyə ehtiyacı olduğuna görə orada (Münhendə) yaşamağa "məcbur" olmuşdu. Amma tez-tez Azərbaycana gələr, hər gələndə də birinci növbədə Bakıdakı, Gəncədəki, Oğuzdakı dost-tanışları ilə mütləq görüşərdi. Mətbuat və nəşriyyatlarla, azərbaycanlı yazarlarla möhkəm ədəbi əlaqələri vardı. Qeyd edək ki, əsərlərinin və kitablarının çoxu Azərbaycandakı qəzet-jurnallarda və nəşriyyatlarda çap olunub.

Azərbaycanın tanınmış yazarlarından N.Həsənzadə, A.Məmmədov, A.Tağızadə, M.Ələkbərli, Y.Günaydın və başqaları onun yaxın dostları idi. Hələ Gəncədə ədəbi dərnəyə gedəndən - 13 yaşından N.Həsənzadə ilə dostluq etmiş və bu dostluq illər keçdikcə daha da möhkəmlənmişdi. N.Həsənzadənin onun "Məndən istər hər gözəl yar qəzəllər" kitabına yazdığı ön sözdə oxuyuruq: "Şairlik taledir. Taleyin xoş olsun, Simax Şeyda. Mən bir daha yəqin etdim ki, o nəinki gözəl şair, yeni təravətli qəzəllər müəllifi, həssas insan və nümunəvi ailə başçısı, həm də bir dar günün dirəyidir". 

Gənc yaşlarından poeziyaya maraq göstərmişdi. Onun ədəbi yaradıcılığı ilə tanış olarkən bu mövzularda şeirlərə rast gəlirik: balaca oxucular üçün yazılanlar; vətən və el məhəbbəti tərənnüm edilənlər, sevgi və məhəbbət şeirləri, Qarabağ mövzusunda yazılanlar.

O, universiteti bitirəndə artıq ölkəmizdə uşaq şairlərindən biri kimi xeyli tanınırdı. "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Azərbaycan" qəzetlərində və "Göyərçin" jurnalında uşaq şeirləri, mənzum nağılları dərc olunmuşdu. Qısa zamanda Azərbaycan uşaq ədəbiyyatının əsas simalarından birinə çevrilmişdi. Özünün deməyinə görə, onda uşaq şeirlərinə həvəs Abdulla Şaiq yaradıcılığına vurğunluğundan yaranmışdı.

Uşaqlar üçün 5 mənzum pyesinin müəllifidir. Onun uşaq pyesləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Ağdam, Gəncə, Sumqayıt və başqa şəhərlərdə səhnəyə qoyulub.

1961-ci ildən S.Şeydanın "Təyyarə", "Mən balaca kosmonavtam", "Yaxşı qız", "Kimin belə qızı var","Tülkü, tülkü tünbəki", "Nəğməli meşə", "Yoxdur belə nənədən", "Nağıl istəyən qız", "Qızım qızlar içində", "Topçu Həsən", "Ovçu ayı", "Padşah qız" və sair uşaq kitabları işıq üzü görüb. Ümumiyyətlə, onun çap olunmuş kitabının az qala yarısı uşaq kitablarıdır. Bu kitablardakı şeirlər, öz sadəliyi, oynaqlığı, dadlı-duzlu deyim tərzi ilə bir-birindən fərqlənir. Eyni zamanda bu şeirlərin əksəriyyətində uşaqların həyatından alınmış maraqlı süjet xətləri var. Tanınmış tənqidçi-alim Vaqif Yusifli Simax Şeydanı "mənzum nağıllar ustası" adlandırmışdı.

Uşaqlar üçün yazdığı şeirlərə bəstəkar O.Zülfüqarov mahnılar yazıb. Bunlara "Təyyarə", "Mən balaca kosmonavtam" şeirlərini nümunə göstərmək olar. "Bir xoruzum var" adlı şeirinə isə dramaturq Y.Əzimzadə mahnı yazmışdı. N.Əzimov və X.Qədirov da onun uşaq şeirlərinə mahnılar bəstələmişlər. Quba rayonundan olub, İsraildə yaşayan Qod Mixaylov adlı həvəskar bəstəkar isə onun 20-dən artıq şeirinə musiqi yazıb. Mahnıların sözləri həm yəhudi, həm də Azərbaycan dilindədir.

Uşaq şairi kimi tanınmış Simax Şeyda böyüklərin də əzəli və əbədi duyğularının, qayğılarının, arzularının tərənnümçüsüdür. Orta və ali təhsilini Azərbaycan dilində alan şairin yaradıcılığında vətənə və xalqa məhəbbətdən bəhs edən şeirlərin öz yeri vardır. 30 ildən çox Almaniyada yaşamasına baxmayaraq, Simax Şeyda Azərbaycan vətəndaşlığından imtina etməmişdi, çünki özünü həmişə bu xalqın, bu torpağın övladı sayırdı. O, bir yəhudi olaraq hara getsə və harada olsa, mütləq "Azərbaycan" deyib haray çəkir, uşaqlar və böyüklər üçün yazdığı şeirlərində hər kəsə vətənpərvərlik hissi aşılayır, Vətəni, torpağı sevməyi öyrədirdi.

Uşaqlıq və gənclik illərini Oğuzda və Gəncə şəhərində keçirən şair şeirlərində doğulduğu və ilk dəfə göz açıb gördüyü Oğuzdan dərin məhəbbətlə söz acır:

İlk dəfə gözümü Oğuzda açdım,

Xallı kəpənəklər dalınca qaçdım...

Bağladım qəlbimi uca dağlara,

"Ana bulağı"nın gözündən içdim,

Xalxaldan, Bucaqdan, Padardan keçdim,

Uddum havasını gözəl Qışlağın,

Dolandım başına ana torpağın...

Və yaxud:

Bir zaman beşiyim olmuş,

Oğuzda izim var mənim!

Dağlar ev-eşiyim olmuş,

Gülündə nazım var mənim...

Simax, bəxtəvər halına!

Yaşılın uyğun alına.

Oğuzun gül-camalına,

Hələ çox sözüm var mənim!

Göz açdığı el-obaya bağlılıq S.Şeydanın şeirlərində qırmızı xətt kimi keçir. Bu, onun "Əlvida deməyin", "Bu yerlər", "Oğuz", "Məndən yaz deyir", "Çinarlı şəhərim", "Göy göl" və bir sıra başqa şeirlərindən də məlum olur. Şairin "Qürbət gülləri", "Düşmüşəm", "Şüarım mənim", "Qürbətdəyəm qürbətdə", "Qocaldım" şeirlərində dərin bir Vətən nisgili hiss olunur. "Qürbət eldə qala-qala qocaldım", - söyləyən şair "Şüarım mənim" şeirində deyir:

Vətəndən uzaqlara düşüb güzarım mənim,

Çıxmır bir an yadımdan Bakım, Ucarım mənim.

Qəlbimdə yuva salmış Oğuz, Quba, Qəbələ,

Qazaxdır, Lənkərandır əhdim-ilqarım mənim.

Səsli-küylü Gəncədən könlüm ayrı düşəli,

Daim gəlir yadıma Göygöl, Qoşqarım mənim.

Gül-çiçəkli Ağdamı röyalarda görürəm,

Görən səndən harda var, Şəkim, Qusarım mənim?

Füzuli, Şuşa üçün qəlbim göynəyir, Simax,

Laçındır, Kəlbəcərdir dildə şüarım mənim.

S.Şeydanın şeirlərinin bir hissəsi də məhəbbət mövzusundadır. Bu mövzuda olan "Oynar-oynar", "Ceyranım mənim", "Bir gözaltım var", "Deyə-deyə", "Bircə nazın olmayaydı", "Nə olar" və bir sıra şeirlərini həyəcansız oxumaq mümkün deyil. Onun 2004-cü ildə "Şirvannəşr"də çap olunmuş "Mahnılar, qəzəllər, şeirlər" kitabında həm Azərbaycan, həm də yəhudi dilində əsərləri toplanıb.

Müdriklik çağlarında şairin "Qəzəllər", "Məndən istər hər gözəl yar qəzəllər" və "Sevdalı gözlər" adlı üç qəzəl kitabı Bakıdakı "Araz" nəşriyyatı tərəfindən nəşr olunub.

Burdakı 300-ə yaxın bənzəri olmayan qəzəlləri oxuyanda adam özündə bir rahatlıq tapır. Çünki onların hamısı təmiz Azərbaycan dilində, ərəb-fars sözləri işlədilmədən, həm də əruzda yox, heca vəznində yazılıb. Bu mənada Simax Şeyda heca vəznində qəzəl yazan ilk Azərbaycan şairi sayıla bilər. Şair-ədəbiyyatşünas A.Abdulla onun qəzəllərini ədəbiyyatda yenilik adlandırıb. Qod Mixayılovun təbirincə desək, Simax Şeyda dağ yəhudilərinin Əlağa Vahidi idi.

S.Şeydada Azərbaycan, vətən sevgisi o qədər böyükdür ki, uzaq Münhendə oturub "Bakı-Şuşa qatarı" adlı əsər yazmışdı. O, həmçinin "Xocalıdan gələn oğlan" əsərinin müəllifidir. S.Şeyda torpaqlarımızın işğalı dövründə böyüklər və uşaqlar üçün yazdığı şeirlərinin hər birində torpaqlarımızın işğaldan azad olunacağına inam yaradırdı. Balaca uşaqlarda Vətənə, torpağa, xüsusi olaraq Qarabağa və Şuşaya məhəbbət hissi aşılayırdı. O, hələ 2014-cü ildə yazırdı:

Bu gün, sabah Qarabağda,

Ucalacaq bayrağımız.

Şuşada da, Laçında da,

Yanar onda çırağımız.

Onda köçüb gedəcəyik,

Ata-baba torpağına.

Düşmənimiz qalacaqdır

Öz içindən yana-yana.

Simax Şeyda İsrailə köçəndən sonra orada Azərbaycan Şairlər Birliyi yaratmışdı. Birliyə üzv olan şairlərlə birgə Qarabağ həqiqətlərinin yayılmasında böyük rol oynayırdı. Nizami Gəncəvidən Əmirulla Gəncəviyədək 75 azərbaycanlı şairin şeirlərini dağ yəhudilərinin dilinə tərcümə edib, antologiya şəklində çap etdirmişdi. Onun tərcümələri Amerikada, Kanadada nəşr olunub. Bu kitabda qədim-klassik dövr Azərbaycan şairləri ilə yanaşı, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Söhrab Tahir, Musa Yaqub, Nəriman Həsənzadə, Nəbi Xəzri, Hüseyn Arif, Məmməd İsmayıl, Cabir Novruz və başqalarının da şeirləri vardır. Əlbəttə, bunu hər iki xalqın ədəbi-mədəni əlaqələrinin inkişafına layiqli bir töhfə saymaq olar.

Simax Şeyda 12 fevral 2024-cü ildə Almaniyanın Münhen şəhərində vəfat edib. Ruhu şad olsun!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
525.az

1Источники