Finss.az - Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Litva Respublikasının Maliyyə Nazirliyinin Dövlət Vergi Müfəttişliyinin rəhbəri Edita Yanuşiene ilə görüşüb.
Görüş zamanı tərəflər iki ölkənin vergi administrasiyaları arasında əlaqələrin inkişaf imkanlarını müzakirə ediblər. Rəqəmsallaşma, vergi uçotu və nəzarət sistemlərinin təkmilləşdirilməsi, könüllü vergi ödənişinin təşviqi və vergi mədəniyyətinin artırılması sahələrində əməkdaşlıq məsələləri əsas müzakirə mövzuları olub.
Orxan Nəzərli qeyd edib ki, müasir çağırışlar fonunda vergi inzibatçılığında innovativ yanaşmaların tətbiqi sahəsində təcrübə mübadiləsi üçün geniş imkanlar mövcuddur. DVX rəisi Azərbaycan və Litva arasında bu sahədə dialoqun davamlı olmasının vacibliyini vurğulayıb.
Öz növbəsində, Edita Yanuşiene Litvanın vergi islahatları və texnoloji yeniliklər sahəsində əldə etdiyi nəticələr barədə məlumat verərək, bu təcrübənin digər ölkələrlə bölüşülməsində maraqlı olduqlarını bildirib.
Görüşdə qarşılıqlı əməkdaşlıq və gələcək praktiki təşəbbüslər barədə müzakirələr aparılıb.

