RU

Konstantinopol Patriarxlığı Paşinyanla görüşü boykot etdi Kilsə Baş nazirə dirəniş göstərir

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri zamanı baş verən diqqətçəkən hadisələrdən biri də Konstantinopol Erməni Apostol Kilsəsinin (AAK) ruhanilərinin onunla görüşdən imtina etməsi oldu.

“MediaHub”-un məlumatına görə, görüş üçün patriarxatın nümayəndələrinə dəvət göndərilsə də, AAK nümayəndələrindən heç biri görüşdə iştirak etməyib.

Əvəzində, görüşdə erməni katolik icmasının və erməni yevangelik kilsəsinin nümayəndələri yer alıblar. Bu isə açıq şəkildə göstərir ki, erməni apostol ruhaniləri Paşinyanın dəvətini ya rədd ediblər, ya da qəsdən bu tədbirdən kənarda qalıblar. Paşinyanın şəxsi “Telegram” kanalında yaydığı video isə məsələni daha da aydınlaşdırdı: kadrlarda görünən keşiş, erməni katolik icmasının nümayəndəsi olub.

Konstantinopol patriarxlığının nümayəndələrinin Paşinyanla görüşə qatılmaması, təkcə bir kilsə qurumunun tədbirə qatılmaması kimi qiymətləndirilə bilməz. Bu, Erməni Apostol Kilsəsinin Türkiyədəki qanadının Paşinyana etimadsızlığının və ya onun siyasətinə münasibətdə ehtiyatlı və ya tənqidi mövqedə olduğunu göstərən simvolik bir jest kimi yozula bilər.

Erməni cəmiyyətində və diasporunda Nikol Paşinyana münasibət birmənalı deyil. Onun Qarabağı Azərbaycan ərazisi kimi tanıması, Rusiyaya qarşı siyasəti və Ermənistanın geosiyasi istiqamətini dəyişmək cəhdləri bəzi revanşist dini və diaspor çevrələrində ciddi narahatlıq doğurur. Mümkündür ki, Konstantinopol patriarxlığı da bu siyasətə loyal yanaşmaqda çətinlik çəkir.

Bu hadisə Ermənistan-Türkiyə münasibətlərinin normallaşma mərhələsində baş verir. Paşinyanın Türkiyəyə səfərində rəsmi görüşlərlə yanaşı, erməni diasporu və dini liderlərlə təmaslara da xüsusi əhəmiyyət verdiyi açıqdır. Belə bir həssas dönəmdə Konstantinopol kilsəsinin susqunluğu həm rəmzi, həm də siyasi mesaj kimi qiymətləndirilə bilər.

Paşinyanın Türkiyə səfəri çərçivəsində qarşılaşdığı bu münasibət, onun daxili və xarici siyasətindəki balans axtarışlarının asan olmayacağını bir daha göstərir. Ruhanilərin etirazı, Ermənistan daxilində və xaricdə onun siyasətinə qarşı olan müqavimətin yalnız siyasi dairələrlə məhdudlaşmadığını göstərir. Bu isə Paşinyanı qarşıdan gələn aylarda daha mürəkkəb seçimlərlə üz-üzə qoya bilər.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
azpolitika.info

1Источники