RU

"Şakira Amerikadan üz döndərir: xəyallar ölkəsi necə qorxuya çevrildi..." - FOTO/VİDEO

 
"Şakira mahnılarını oxumağa davam edir, amma indi o notlarda təkcə sevgi və ehtiras deyil, bir xalqın acısı, bir qadının qüruru və bir mühacirin mübarizəsi var..."
 
Bir zamanlar Amerika onun üçün bir nağıl idi. Kimsəsiz ulduzun parlayacağı səma, ürəyində daşıdığı mahnıların milyonlarla qəlbə toxunacağı yer... Kolumbiyanın isti küçələrindən Mayaminin geniş yollarına uzanan yolçuluq, sadəcə bir karyera seçimi deyildi - bu, Şakiranın azadlığı, varlığı və arzularını reallaşdırma savaşı idi.
 
Moderator.az xəbər verir ki, bu barədə "news.info" nəşri yazıb.
 
19 yaşlı qızın arzusunun ardınca
19 yaşında Kolumbiyanı tərk edən Şakira bir çamadan ümid və ürəyində minlərlə melodiya ilə Amerikaya gəldi. Qərib bir ölkədə, yad dildə, heç tanımadığı insanlar arasında yenidən doğulmalı oldu.
 
O, dili poeziyadan öyrəndi. Leonard Koenin dərin sətirlərindən, Uolt Uitmenin sərhədsiz duyğularından və Bob Dilanın üsyankar notlarından. Musiqi onun üçün sadəcə bir sənət deyildi - o, dili duyğularla hiss etmək, insanlarla qəlbdən-qəlbə danışmaq yolu idi.
 
Mayami onun ikinci vətəni oldu. Küçələrində ilk dəfə mahnı oxuduğu, səsi ilə qəlbləri titrətdiyi şəhər. "Billboard"-u fəth etdi, "Grammy" mükafatlarını aldı, dünyanı öz ritmləri ilə oynatdı. Amma o, içindəki kiçik kolumbiyalı qızı heç vaxt unutmadı.
 
Qorxunun və susdurulmanın kölgəsində
Lakin illər keçdi, o nağıl dəyişdi. Amerika artıq azadlıq deyil, qorxu rəmzinə çevrildi. Donald Trampın hakimiyyəti dövründə mühacirlərə qarşı sərtləşdirilən qanunlar, reydlər, deportasiyalar bir çox ailələrin taleyini alt-üst etdi. Şakira bu vəziyyətə laqeyd qala bilmədi. O, səssizlərin səsi oldu.
 
Amerikada mühacir olmaq bu gün daimi qorxu içində yaşamaq deməkdir. Bu iztirabdır. Və bu qorxunu hər gün görmək insanın qəlbini parçalayır...
 
Artıq konsertləri ləğv edilir, sənəti siyasətin kölgəsində sıxışdırılır, vətənə çevrilmiş torpaq yadlaşır. Amma o, geri çəkilmir. Çünki onun səsi təkcə özünə yox, milyonlara aiddir.
 
Səhnədən deyil, ürəkdən danışan səs
Yeni albomu "Las Mujeres Ya No Lloran" ilə "Grammy" qazanan Şakira səhnəyə çıxdı və mükafatını həyatında ilk dəfə bu qədər fərqli və dərin sözlərlə təqdim etdi.
 
"Bu mükafat Amerikada ayaqda qalmağa çalışan bütün bacı və qardaş mühacirlərə həsr olunur. Sizi sevirlər. Siz güclüsünüz. Siz layiqsiniz. Və mən sizinləyəm - bu səhnədən, bu şəhərdən, bu dünyadan..."
 
Bu təkcə təşəkkür deyildi. Bu, bir dualı çağırış idi. Səsini itirmiş milyonların ruhunu qaldırmaq, onların da var olduğunu dünyaya göstərmək istəyirdi.
 
Ana dilində üsyan
O, danışanda yenidən o gənc Şakira olur - ana dilində, gözləri dolu, ürəyi dolu danışır. Səhnədən ispan dilində etdiyi çağırış hələ də insanların yaddaşında çırpınır.
 
"İndi birliyə hər zamankından çox ehtiyacımız var. İndi səsimizi ucaldıb deməliyik: qanunlar dəyişə bilər, amma insanlara münasibət heç vaxt qeyri-insani olmamalıdır".
 
Bu sözlər təkcə emosional mesaj deyildi. Bu, bir qadının içindən gələn hayqırtı idi. Bu, evini axtaran milyonlarla mühacirin qəlbində illərlə sıxılmış kədərin dillə ifadəsi idi.
 
Amerikadan getmək... və özünü tapmaq
İndi Şakira Amerikadan ayrılmaq istəyir. Amma o, təkcə fiziki olaraq getmək istəmir. O, bir dövrü, bir ideyanı, bir "ev" xəyallarını arxada qoyur. İllərlə içində daşıdığı, "bura mənim yerimdir" deyə inandığı bir hissin yox olduğunu görmək - bu, karyerasını zirvəyə çatdıran bir qadın üçün belə dözülməz ağrıdır.
 
Bəlkə də Amerikada fiziki olaraq qalacaq... Amma ruhu artıq o torpaqda deyil. O ruh indi səsi qısılmış bir uşağın göz yaşlarında, deportasiya qorxusuyla yaşamağa çalışan bir ananın qəlbindədir.
 
Şakira susmur. O, mahnılarını oxumağa davam edir. Amma indi o notlarda təkcə sevgi və ehtiras deyil, bir xalqın acısı, bir qadının qüruru, və bir mühacirin mübarizəsi var. Çünki bəzən ən dərin və ən gözəl musiqi qırılmış bir qəlbdən gələn musiqidir.

 

Избранный
10
moderator.az

1Источники