Azərbaycanlı hakim Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında daha bir oyuna təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Elçin Məsiyev Slovakiyada təşkil edilmiş Avropa çempionatının 1/4 final mərhələsinin Almaniya – İtaliya oyununun ehtiyat hakimi olacaq. Qarşılaşmanı litvalı Manfredas Lukyançukas idarə edəcək.
İyunun 22-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Xatırladaq ki, Məsiyev bu Avropa çempionatında qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi olub.