RU

Putinin qızından neyrotexnologiyalarla bağlı etiraf: İnsan iradəsinə nəzarət itə bilər

Putinin böyük qızı Mariya Vorontsova Peterburq Beynəlxalq İqtisadi Forumunda insan potensialının sərhədlərini müzakirəyə çıxarıb
 
2025-ci il iyununun 18-də Sankt-Peterburqda açılan Beynəlxalq İqtisadi Forumda maraqlı və eyni zamanda narahatedici bir sessiya baş tutub.
 
Moderator.az xəbər verir ki, bu barədə "starhit.ru" nəşri yazıb.
 
Nəşr yazır ki, Forumun moderatorlarından biri isə geniş ictimaiyyətə Rusiya prezidenti Vladimir Putinin böyük qızı kimi tanınan Mariya Vorontsova olub. Alim və neyrobiotexnologiya sahəsində ekspert olan Vorontsova "Neyrotexnologiyalar dövründə yeni etika" adlı sessiyanı idarə edib.
 
Vorontsova çıxışında insan potensialının neyrotexnologiyalar vasitəsilə "yaxşılaşdırılması" ideyasına toxunub. Onun sözlərinə görə, bu sahədə əldə edilən nailiyyətlər yaxın illərdə insan həyatının ayrılmaz hissəsinə çevriləcək.
 
Bu texnologiyalar beyin funksiyalarını gücləndirmək, orqanizmi ümumilikdə sağlamlaşdırmaq və hətta şəxsiyyətə təsir etmək imkanlarını özü ilə gətirir. Lakin bütün bu vədlərə baxmayaraq, alim diqqəti əsas təhlükəyə - insan azad iradəsinin və mənəvi sərhədlərin itməsinə yönəldib.
 
Texnologiya uşaqları "kütləşdirə" bilərmi?
 
Vorontsova sessiyada uşaqlara və gənclərə təsir məsələsini xüsusi vurğulayıb. Onun narahatlığı süni intellektin və neyroalətlərin gənc nəslin düşünmə vərdişlərini və müstəqil fikirləşmə bacarıqlarını zəiflətməsi ilə bağlı olub:
 
"Əgər uşağa birbaşa beyinə informasiya yükləmək imkanı verilsə, onu nə gözləyir? Onsuz da gənclik öz analiz qabiliyyətini zəiflədir və fikirlərini neyroşəbəkələrə həvalə edir". O, bu vəziyyəti təhlükəli bir meyl kimi qiymətləndirib və yeni texnologiyalarla yanaşı etik və hüquqi çərçivələrin təcili olaraq yaradılmasının vacibliyini qeyd edib.
 
Beyin, təhsil, ordu və hüquq
 
Vorontsovanın sessiyasında iştirak edən tanınmış ekspertlər, o cümlədən Rusiya Səhiyyə naziri Mixail Muraşko, ÜST nümayəndəsi Hans Kluge, "Qazprombank" rəhbərliyi və müxtəlif tibb institutlarının alimləri neyrotexnologiyaların tibbdə, təhsildə, sənayedə və hərbi sahədə tətbiqinə dair baxışlarını bölüşüb.
 
Vorontsova xüsusi olaraq vurğulayıb ki, süni intellekt və neyrosistemlər insan yerinə qərar verə biləcək ilk texnologiyalardır: "Bu sistemlər insan iradəsindən asılı olmadan inkişaf edə bilər. Onlara nəzarəti itirmək real təhlükədir".
 
Şəxsi həyat kölgədə qalır
 
Peterburq Beynəlxalq İqtisadi Forum-2025-dəki çıxışı ilə yenidən diqqət mərkəzinə düşən Mariya Vorontsova nadir hallarda mediada görünür. O, Rusiya Elmlər Assosiasiyasının idarə heyətindədir, bir neçə biotexnoloji patentin müəllifidir və Rusiya genetiklər cəmiyyətinin üzvüdür. Qeyri-rəsmi məlumatlara görə, onun Niderland vətəndaşı olan sabiq həyat yoldaşından bir oğlu var.
 
Rusiya prezidenti Vladimir Putin isə ailə mövzusunda nadir hallarda açıqlama verir. Bir sənədli film zamanı isə o, qısa olaraq bildirib: "Ailəmin normal yaşamasını istəyirəm. Əgər adlarını və yaşlarını açıqlasam, onları rahat buraxmazlar".
 
Mariya Vorontsovanın çıxışı texnologiyanın yalnız imkan yox, həm də etik və psixoloji məsuliyyət yaratdığını göstərib. Neyrotexnologiyalar tibb və təhsildə inqilab edə bilər, amma insanın mahiyyətini qorumaq - gələcək nəsillərin şəxsiyyətini, azad düşüncəsini və mənəvi sərhədlərini itirməmək elə bu gün verilməli olan əsas qərarlardandır.
Избранный
21
moderator.az

1Источники