RU

Sosial şəbəkələrdə etik normalara əməl olunurmu?

Həyatımızı geniş mənada təsəvvür edə bilməyəcəyimiz amillərdən biri də sosial şəbəkələrdir. Evlərdə «qulaq yoldaşımız» , iş yerlərində «həmsöhbətimiz», ictimai nəqliyyatda belə «yol yoldaşımız» olan cib telefonları, tabletlər, manitorlar demək olar vaxtımızın çox hissəsini sərf etdiyimizimiz, eyni zamanda gündən-günə inkişaf edən, yeni «möcüzələri»ilə bizi özünə cəlb edən informasiya- kommunikasiya texnologiyalarıdır. Elm və texnologiyalar əsri olan müasir dövrümüzdə elə bir sahə yoxdur ki, orada sağlam rəqabətin yaratdığı uğurlar nümunə göstərililməsin. Oxucu auditoriyasının cəlbi baxımından bu cür sağlam rəqabət sosial şəbəkələrdə daha çox əhəmiyyət daşımaqla, medianın mahiyyətini təşkil etməkdədir. Həyata keçirilən demokratik islahatlar, plüralizm, azad, müstəqil mətbuatın inkişafı üçün yaradılan münbit şərait nəticəsində Azərbaycan əhalisinin 80 faizdən çoxu sosial şəbəkələrdən istifadə edir. Vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşməsi, dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması, korrupsiya və digər mənfi hallara qarşı mübarizə sahəsində mühüm nailiyyətlərin qazanılmasında əvəzsiz rolu olan İKT vasitələrinin mövcud olmadığı sahə yoxdur. Senzuranın ləğvindən sonra müstəqil mətbuatın inkişafında yeni mərhələnin başlanması, «İnformasiya əldə etmək haqqında», «Media haqqında» qanunların qəbulu ilə informasiya əldə etmək üçün yaradılan sərbəstlik Azərbaycan demokratiyasının uğurlarındandır. Respublika daxilində, ölkədən kənarlarda baş verən hadisələr haqqında məlumat almaq üçün müraciət etdiyimiz sosial şəbəkələrdən ensklopedik mənbə kimi də istifadə edirik.

Çox təəssüf ki, bu gün sosial şəbəkələrdən qərəzli istifadə hallarına daha çox rast gəlinir. Bu şəbəkələrdə tirajlanan, istifadəçilərində fikir ayrılıqları, təzad, fobya yaradan informasiyaları silahsız müharibə adlandıranlar qənaətlərində haqlıdırlar. Bu sahədə etik normalara riayət olunmasını tənzimləyən tədbirlər müəyyənləşdirilib, tətbiq olunsa da hələ də qaydaların pozulması halları mövcuddur. «Youtube», «Google,» «Tvitter», «Facebook» kimi sosial şəbəkələrin ölkə qanunvericiliyinin tələblərinə uyğun fəaliyyətini təmin etmək məqsədilə qanunvericilikdə müəyən şərtlərin olmasına baxmayaraq hələ də sosial şəbəkələrdən, internet tv-lərdən öz şəxsi maraqlarına uyğun, başqalarının heysiyyətinə toxunan, mənəviyyatına zərbə vuran və məhkəmələrlə nəticələnən hallar mövcuddur.

Adı çəkilən sosial şəbəkələrin platformalarında yayılan dezinformasiyalara görə həmin şəbəkələr məsuliyyətə cəlb olunmaqla, müəlliflərə qanun qarşısında cavab verməli olacaqları xəbərdarlıqları edilsə də «feyk» informasiyaların qarşısının alınması günümüzün vacib məsələsi kimi aktuallığını qoruyur. Əslində faydalı təşəbbüslərin öyrənilməsi , səmərəli təmaslar, elmi yeniliklərin təbliği, xeyirxah məqsədlər üçün nəzərdə tutulan sosial şəbəkələrdə obyektivliyin təminatı sağlam cəmiyyətin formalaşmasına xidmət etməlidir. Jurnalistləri özünə dost hesab edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, peşəkar, sağlam düşüncəli, hadisələri cəmiyyətimizin, dövlətçilik maraqları baxımından təhlil edib ictimaiyyətə çatdıran vətənpərvər media nümayəndələri fəaliyyətləri ilə ölkəmizin sosial- iqtisadi inkişafına öz töhfələrini verirlər. «Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir» sözləri ilə mətbuat nümayəndələrinin həqiqi dostu olduğunu bildirən , çətin peşə sahiblərinin fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev onu da diqqətə çatdırır ki, ikili standartların davam etdiyi məqamlarda ölkəmizə qarşı qərəzli şəkildə təşkil olunan «qara piar» kampaniyalarına, təxribatlara qarşı mübarizədə də obyektiklik, prinsipiallıq, vətəndaşlıq borcu, məsuliyyət qələm sahiblərinin ən güclü silahı olmalıdır. Təbii ki, sosial şəbəkələrin qanunla qadağan olunmuş informasiyanın mənbəyi rolunda çıxış etmələri çox zaman ciddi narahatlıqlar yaradır. Xüsusilə ordu quruculuğu, hərbi hissələrin mövqeləri, dislokasiyası ilə bağlı məlumatların internet mediası tərəfindən tirajlanması ölkə qanunları ilə tənzimlənsə də səriştəsizlikdən ciddi pozuntulara səbəb olan bu kimi hallara yol verənlərin aqibəti məhkəmə salonlarında «həll olunur» . Şübhəsiz mürəkkəbliyindən, yaranma səbəbindən, dövlətə, insanlara verə biləcəyi fayda və zərərlə bağlı informasiyaların rəsmi mənbələrdən alınması yanlış məlumatların qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Daha geniş auditoriyalara malik sosial şəbəkə istifadəçiləri arasında həqiqətlə bağlı məlumatsızlıq, eyni hadisə ilə bağlı informasiyaların müxtəlif sosial media platformalarında fərqli yanaşmalarla ictimaiyyətə çatdırılması insanlarda fərqli düşüncə tərzini formalaşdırmaqla çaşqınlığa səbəb olur.

Sosial şəbəkələrdə təsadüf olunan, narahatlıq doğuran məsələ insanların şəxsi həyatlarına əsassız, yersiz müdaxilədir. Bu sahədə çalışanlar unutmamalıdırlar ki, Konstitusiya ilə müəyyənləşən hüquqların qorunması hamının haqqıdır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs vətəndaşın xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Çox təəssüf ki, bu məqamlar bəzi hallarda «unudulur.» Xüsusilə xarici dairələr tərəfindən maliyyələşən milli xəyanətkarlarımız ölkəmizdə davamlı inkişafda olan demokratik şəraitdən, söz və mətbuat azadlığından istifadə edərək bir çox hallarda dövlətçiliyimizə, Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən nüfuzuna zərər vuran, əsası olmayan informasiyalarla cəmiyyətdə çaşqınlıq yaradırlar. Sosial şəbəkələrdə vətəndaşların ləyaqət və şərəfinə toxunan, hüquqlarının pozulması ilə nəticələnən informasiyaların «bolluğu», etik normaları aşan ifadələrin işlədilməsi insanlarda narahatlıq doğurmaqla ailədaxili münaqişələrin yaranmasına da səbəb olur. Bu kimi hallar ölkəmizdə təkmilləşən və əsrlərdən bəri qorunub saxlanılan, milli-mənəvi keyfiyyətlər əsasında möhkəmlənən ailə institutunun dəyərlərinə də xələl gətirir. Həmişə diqqətdə olan tanınmış simaların, şou biznes əhlinin gündəlik həyatları ilə bağlı , bəzən əxlaqımıza, mənəviyyatımıza yad informasiyaların sosial şəbəkələri «bəzəməsi» xüsusilə gənclərimizə çox pis örnəkdir. Xarici ölkələrə sığınan, onları idarə edən ağalarının süfrələrinin artıqlarına möhtac qalan bu mənfur niyyətlilər xəyanətlərini ölkəmizdə mövcud olan söz azadlığı pərdəsi altında gizlədərək qara vicdanlarını belə hərraca qoyurlar. Fəaliyyətlərini ermənilərin dəst-xəttinə uyğun quranların satqınlıqları isə bağışlanılmazdır. Xəyanətlərini həyata keçirmək üçün sosial şəbəkələrdən istifadə edərək Azərbaycan əleyhinə təxribat aparanların etikadan, əxlaqi dəyərlərdən , milli təəssübdən kənar ifadələri, böhtanları bütünlükdə xalqımız tərəfindən lənətlənir. Bəzi sosial şəbəkələrin, internet TV-lərin «xidmətləri» çox zaman bumeranq effekti ilə bu simasızların özlərinə qənim olur. Mənəviyyatlarını itirmiş bataqlıq təfəkkürlülərin operativliyə, obyektivliyə yanaşma tərzləri də xəyanətdən yoğrulub. Ən çətin zamanlarda xalqı maarifləndirmək, savadsızlığa, nadanlığa qarşı mübarizə aparmaq üçün jurnalistikanın janrlarından məharətlə yararlanan, «Sizi deyib gəlmişəm!» söyləyən Mirzə Cəlildən fərqli olaraq şüarları «Sizi söyməyə, satmağa gəlmişəm» deyən sözbaz, qeybətçilərin xəyanətləri cinayət xarakterlidir. Jurnalistkanın əsas prinsiplərindən olan məsuliyyət hissini xarici təşkilatlardan aldıqları dilənçi payı qarşılığında unudan, sosial şəbəkəni söyüş, təhqir məkanına çevirən, vicdanlı jurnalistlərin arasına virus kimi yeridilən, özlərini siyasətçi, politoloq, iqtisadçı simasında görən, xarici qüvvələrin qrantlarının girovuna çevrilən bəzi internet TV-lərin «fəaliyyəti» cəmiyyət tərəfindən qınaq obyektinə çevrilib. Bu şəbəkələrdə məskunlaşan simasızlar unudurlar ki, Azərbaycan elə qüdrətli ölkədir ki, heç bir, təhdid, yalan, böhtan dövlət siyasətimizə təsir edə bilməz. Əsas vəzifələri obyektivliyin qorunması olan jurnalistlər də bilməlidirlər ki, ölkəmizi bizdən artıq sevən kimsə yoxdur. Vaxtı ilə müxtəlif dövlətlərin, imperiyaların tərkibində yaşadığımız dövrlərdə də xalqımızın psixologiyasına təsir göstərmək özlərini supergüc hesab edən qüvvələrə belə nəsib olmayıb. Xalqımızda Vətənə bağlılıq hissləri daim güclü olub, bu gün də eyni səviyyədədir. Xalq-itqtidar-ordu birliyinin nəticəsi olan Ermənistan üzərində Zəfərimizdən sonra bu birlik və həmrəyliyimiz daha da güclənib. Belə ki, saxta internet şəbəkələri, profillər yaratmaqla Azərbaycan həqiqətlərinə kölgə salmaq cəhdləri yalnız onların çirkin niyyətlərindən qaynaqlanan simasızlıqdır. İnternet dövründə yaşadığımız üçün hansısa yalan, böhtan, təxribat xarakterli məlumatların əsassız olduğunu gündəlik müşahidələri əsasında hiss edən cəmiyyətin hər bir üzvü «feyk» xəbərlərə nəinki inanmır, internet TV-lər vasitəsilə yayımlanan böhtanlara əhəmiyyət belə vermirlər.

Azərbaycan həqiqətlərinin, iqtisadi, hərbi qüdrətimizin dünyada təbliği üçün xarici informasiya məkanına çıxmağı tövsiyə edən Prezident İlham Əliyevin demokratiyanın inkişafına yaratdığı belə imkanlardan şəxsi maraqları üçün yararlanan şərəfsizlər erməni lobbisinin dəstəkçisinə çevrilərək Azərbaycanın haqq işinə, müdafiə qüdrətinə kölgə salmaqla işğalçıya, Ermənistanın havadarlarına kömək edirlər.

Sevinc Osmanqızı, Qənimət Zahid kimi ABŞ və Avropa ölkələrinin günc-bucağında sığınacaq taparaq Azərbaycana qarşı təxribat aparan AXCP sədri Əli Kərimlinin «söyüş şəbəkəsi»nin ölkə daxilində formalaşdırdığı xəyanətkar şəbəkə ictimaiyyət tərəfindən lənətlə qarşılanır. Sosial şəbəkələrdə «gəzişən», başqa kanallar vasitəsilə də ölkəmizə qara yaxmağa çalışan nadanlar, blogerlər, milli mənsubiyyətlərini itirməklə qələminə hörmət etməyənlər jurnalist adına ləkədirlər.

Ölkəmizə gələn qonaqların, xarici jurnalistlərin respublikamızda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Azərbaycanın bölgədə sabitliyin təminatı naminə həyata keçirdiyi reallıqlar barədə söylədikləri xoş sözlərlə müqayisədə oyuncaq, şər yuvası olan qərəzli internet TV-lərin bağırtıları milçək vızıltısı, keçi suyu bulandırmasıdır.

Yeri gəlmişkən bir məqamı da xatırladaq. Milli- mənəvi dəyərlərmizə, gənclərin vətənpərvərlik tərbiyəsinə xələl gətirən amillərdən biri də bəzi insanların özlərinin şəxsi həyatlarını etik normalardan kənar formada nümayiş etdirmələridir. Tirajladıqları yalanları ilə ailələrin dağılmasına belə səbəb olanlara «Media haqqında» Qanundan irəli gələn müddəlar dəfələrlə xatırladılmalıdır. Son günlərdə tez-tez rast gəldiyimiz, peşəkarlıqdan uzaq bəzi blogerlər haqqında hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlərin görülməsi maraqlı dairələr tərəfindən söz azadlığının pozulması kimi təqdim olunsa da xalqımız üçün ən dəyərəli sərvət milli mentalitetitmiz, əsrlərdən bəri qoruduğumuz mənəvi zənginliyimizdir. Saxta profillər vasitəsilə başqalarının şəxsiyyətinə toxunan təhqiredici ifadələr işlədənlər, açıq-saçıq fotolar yerləşdirənlər, həyatda olan insanlar haqqında saxta «ölüm» xəbəri yayanlar haqqında daha ciddi tədbirlər görülməllidir. Unutmaq olmaz ki, bu cür «ölüm» xəbərlərinə sosial şəbəkələrdə təsadüfən rast gələn həmin şəxs, onun qohumları, yaxınları ciddi sarsıntı keçirir, xəstəxanalıq olurlar. Xüsusilə gənclərin, yeniyetmələrin əxlaqına xələl gətirən bəzi məqamların, ailə, məişət məsələlərinin «müasirlik, avropalaşmaq, dünyəvilik» bəhanəsi ilə təbliği əsrlərdən bəri qorunan dəyərlərimizə hörmətsizlik, mənəviyyatsızlıq, unutqanlıqdır. Buna görə də dövlətimizin, milli maraqlarımızın qorunması naminə sosial şəbəkələrdə kimlərinsə sifarişi ilə «feyk» informasiyalar yayanlar ilk növbədə vətəndaşlıq məsuliyyətlərini, insanlıq borclarını unutmamalıdırlar.

Xuraman İsmayılqızı, «İki sahil»

Избранный
10
ikisahil.az

1Источники