Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu Turab Tahirovun 16 yaşlı qızı qaçırmasının təfərrüatı məlum olub.
Publika.az Musavat.com-a istinadla xəbər verir ki, qaçırılan qızın atası Emin Babayev hadisə barədə danışıb.
O bildirib ki, axund Turab Əliqan oğlu Tahirov 17 iyun tarixində qızını qaçırıb:
"Qızım uşaqlıqdan bu məscidə gedirdi. Quran kursu Ayşəgül müəllim tərəfindən keçirilirdi. Axund Turab dərs vaxtı qızımı qaçırıb".
E.Babayevin dediyinə görə, həmin gün qızı evdən saat 15:00-16:00 radələrində mağazaya paltar götürmək üçün çıxıb. Bacısı qızın hara getdiyini soruşub və evə xəbər göndərməyi xahiş edib. Lakin qız evə qayıtmayıb. Telefonu da yanında olub, şəxsiyyət vəsiqəsi isə evdə tapılmayıb.