13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin (RMTM) rəhbəri Məzahir Qasımovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi barədə iddialar ortaya çıxıb.
Bu barədə Pravda.az-a daxil olan məlumatda bildirilib ki, 2024-cü ilin noyabr ayından 13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinə təyin olunan Məzahir Qasımov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək meşə təsərrüfatını şəxsi əmlakı kimi idarə edir.
İddia edilir ki, RMTM-nin daxili xərclərinin (gələn qonaqların qarşılanması, təsərrüfat malları üçün) ödənilməsi üçün meşəbəyliklərdən pullar yığılır.
Qeyd olunur ki, M.Qasımov 8 saylı Bərdə Regional Nəqliyyat İdarəsindəki nəqliyyat vasitələrini və traktorları öz şəxsi torpaq sahələrində istifadə edir. Nəqliyyat idarəsinin meşələrin suvarılmasında istifadə olunan sudartıcı nasosaları Məzahir Qasımovun şəxsi qadağalı sahələrinda istismar olunur. İddialarda xüsusilə vurğulanır ki, M.Qasımov texnikalardan daha rahat istifadə etmək üçün özünə yaxın şəxsi müvafiq idarəyə rəis təyin etdirməyə çalışır. Artıq Nazirliyə təqdimat verildiyi qeyd olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələnin araşdırılmasında maraqlı olarsa, traktorlardakı GPS sisteminə baxış keçirərlər.
Pravda.az məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, 13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi ilə bağlı faktlara əsaslanmayan iddialar yolverilməzdir və reallığı əks etdirmir:
“Buna baxmayaraq məsələ nəzarətə götürülüb və iddialarla bağlı araşdırma aparılacaq”.
Mərkəzdən də Pravda.az-a verilən məlumatda iddiaların həqiqətəuyğun olmadığı qeyd olunub.