Türkiyə-Azərbaycan birliyi həm də daha böyük missiyaya qulluq edir. Bu birlik türk dünyasının təməl daşıdır.
Bunu "Report"a açıqlamasında deputat Azər Badamov deyib.
O bildirib ki, mürəkkəb kombinasiyalarla dolu olan beynəlxalq münasibətlər sistemində mənfi tendensiya və inkarolunmaz reallıq fonunda Türkiyə-Azərbaycan münasibətləri ölçüsüzdür:
"Çünki bu sərhədsizlik səmimi dostluq, doğma qardaşlıqdan doğur, eyni sərhəd isə səmimi hisslərlə bitir. Missiyamıza gedən yolda Şuşa Bəyannaməsi isə ən ali mərtəbədir. Yurdda, dünyada sülhə, eyni sevincə, kədərə, bir millətə və iki dövlətə xidmət edən iki dahi lider - prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan atalarımızdan qalan mirasa sədaqətlə sahib çıxaraq onu bütün və bütöv olmağa çalışılan nəhəng türk ulusuna ləyaqətlə ötürür".
A.Badamov əlavə edib ki, Kahramanmaraşdan dünyaya səs salan Müzəffər Ali Baş Komandanın çıxışı sadəcə Kahramanmaraşı silkələmədi, dünyanı lərzəyə gətirdi:
"Çıxışı zaman dövlət başçımızın “Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir” deyə Azərbaycan-Türkiyə dostluğunu xarakterizə etməsi, əslində, münasibətlərimizə verilən ən gözəl və düzgün tərif oldu".
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan birliyi tarixin bütün zamanlarının hərtərəfli sınağından keçib:
"Nə könül candan, nə Türkiyə Azərbaycandan, nə də Azərbaycan Türkiyədən ayrılar. Bu ayrılmaz məfhum türk dünyasının birləşməsi deməkdir. Kahramanmaraşdan boylanan və qürur tablosu olan “Azərbaycan” məhəlləsi türk dünyasının ən mötəbər layihələrinin ilkin ayaq səsləridir. Qardaşlıq əli Maraşın qəlbinə vurduğu möhür, əslində türk birliyinə vuruldu. Zülmətdən aydınlığa çıxan yolumuz bir daha göstərir ki, "əsrin fəlakəti", “əsrin inşası”, əslində, əsrin türk əsri olduğunun təsdiqidir. Bir daha sübut olunur ki, sadəcə Türkiyə və Azərbaycanın deyil, bütün türk dünyasının kompası eyni istiqaməti göstərir".