RU

Müstəqilliyin qalası: Azərbaycan Silahlı Qüvvələrinin gücü və qüruru

Ses qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Respublikasının dövlətçilik tarixində şanlı və şərəfli səhifələrdən biri 26 İyun – Silahlı Qüvvələr Günüdür. Bu gün təkcə hərbi sahənin nümayəndələri üçün deyil, bütövlükdə xalqımız üçün milli qürur, suverenlik və müstəqillik rəmzi kimi qəbul edilir. 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin ordu quruculuğuna verdiyi önəm, müasir dövrdə qüdrətli Azərbaycan Ordusunun yaranmasına əsaslı zəmin yaratmışdır. 26 iyun 1918-ci il tarixində Azərbaycan Cümhuriyyəti Hökumətinin qərarı ilə ilk müntəzəm hərbi birləşmə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu addım Azərbaycan tarixində milli ordunun əsasının qoyulduğunu göstərdi. Həmin dövrdə cəmi 23 ay yaşasa da, Cümhuriyyət hökuməti qısa zamanda dövlət quruculuğunun bütün sahələrində, o cümlədən ordu sahəsində mühüm işlər gördü.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda sabitlik bərqərar oldu və ordu quruculuğu istiqamətində sistemli addımlar atıldı. O, Silahlı Qüvvələri dövlətin dayağı və suverenliyin təminatçısı kimi görürdü. Heydər Əliyev ordunun strukturunun təkmilləşdirilməsi, hərbi təhsil sisteminin yaradılması, zabit heyətinin formalaşdırılması və beynəlxalq hərbi əməkdaşlıqların gücləndirilməsi sahəsində mühüm islahatlara imza atdı. Bu dövrdə Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşularaq beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiya yolunda irəlilədi.1998-ci ildə prezidentin sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr Günü rəsmi dövlət bayramı elan edildi.

Azərbaycan Silahlı Qüvvələrinin gücü, peşəkarlığı və texniki imkanları 2020-ci il Vətən müharibəsində tam şəkildə özünü göstərdi. 27 sentyabr – 10 noyabr 2020-ci il tarixləri arasında davam edən bu müharibə, Azərbaycanın 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etməsi ilə nəticələndi. 44 günlük müharibədə Ali baş komandan rəhbərliyi ilə Azərbaycan Ordusu 300-dən çox yaşayış məntəqəsini azad etdi. Ermənistan ordusuna ağır zərbələr vuraraq, kapitulyasiya aktına imza atdırdı. Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də siyasi və mənəvi üstünlük idi. Azərbaycan xalqı "Qalib Xalq", Azərbaycan Ordusu isə “Zəfər Ordusu” adına sahib oldu.

Ordu yalnız hərbi güc deyil, həm də siyasi sabitliyin təminatçısı, cəmiyyətin təhlükəsizlik dayağıdır. Xüsusi Təyinatlı Qüvvələrin, Hərbi Dəniz Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin və müasir pilotsuz uçuş sistemlərinin mövcudluğu Azərbaycanın müdafiə qabiliyyətini qat-qat artırır.

Azərbaycan Ordusunun güc mənbələrindən biri də xalqla olan vəhdətidir. Müharibə dövründə könüllü yazılan minlərlə gənc, ordunun arxasında duran xalq ruhu bu birliyin sübutudur. Eyni zamanda, məktəblərdə, universitetlərdə və ailələrdə vətənpərvərlik tərbiyəsi Silahlı Qüvvələrin ideoloji dayaq nöqtəsini gücləndirir.

Hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində Şəhidlər Xiyabanı, Zəfər parkları, Hərbi Qənimətlər Parkı kimi mədəni-memarlıq məkanları bu ruhun yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Ordusu bu gün regionda sülhün və sabitliyin qarantı, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısı, xalqın qürur mənbəyidir. 26 İyun – Silahlı Qüvvələr Günü təkcə tarixə nəzər deyil, həm də gələcəyə inam, milli qürur və qələbə ruhunun təntənəsidir.

Bu gün Azərbaycan gənci öz Ordusuna güvənir, öz Silahlı Qüvvələrinin gücü ilə fəxr edir və sülh şəraitində yaşamaq üçün orduya arxalanır.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor institutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
sesqazeti.az

1Источники