RU

Paşinyanın Türkiyə səfəri təsadüfi deyil – Ermənistan ciddi daxili və xarici təzyiqlərlə üzləşir

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri təsadüfi olmayıb və bu, regionda – xüsusilə də Cənubi Qafqazda formalaşan yeni geosiyasi vəziyyətlə birbaşa bağlıdır.

Bu fikirləri politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Paşinyanı bu addımı atmağa vadar edən əsas iki səbəb var: daxili və xarici amillər.

“Daxili səbəblərə gəlincə, Ermənistan bir ildən sonra parlament seçkilərinə hazırlaşır və Paşinyanın reytinqi əvvəlki dövrlərlə müqayisədə xeyli aşağı düşüb. Doğrudur, bu, müxalifətin reytinqinin artması demək deyil. Sadəcə, erməni cəmiyyətində siyasi proseslərə qarşı ümumi apatiya yaranıb. Paşinyan isə mövcud hakimiyyətini qorumağa çalışır və buna görə də konkret addımlar atır,” – deyə politoloq vurğulayıb.

Oqtay Qasımov bildirib ki, hazırda Ermənistanda Paşinyana qarşı daxili mübarizə kifayət qədər güclüdür:

“Revanshist qüvvələr, Rusiya ilə bağlı olan Qarabağ klanı, eləcə də erməni kilsəsi Paşinyana qarşı çıxış edir. İmpeachment (vəzifədən kənarlaşdırma) təşəbbüsləri də gündəmdədir. Amma bu prosesin parlamentdə reallaşması çətindir. Çünki 54 deputatın səsi tələb olunur və bu sayın toplanması real görünmür,” – deyə o əlavə edib.

Politoloq həmçinin xarici təzyiqlərə də diqqət çəkib:

“Rusiyanın Ermənistana qarşı sərgilədiyi münasibət də diqqətdən kənarda qalmamalıdır. Son vaxtlar Lavrovun və digər rus diplomatların səfərləri, verdikləri mesajlar göstərir ki, Moskva Yerevana təzyiqləri artırır. Bu isə Rusiyanın Ukrayna cəbhəsində təşəbbüsü nisbətən geri qaytardığı bir dövrdə baş verir,” – deyə Oqtay Qasımov qeyd edib

Избранный
11
news365.az

1Источники