RU

"Putin öz xalqının kütləvi qatilinə çevrilib" - Ukrayna XİN

 
"Rus əsgərinin ayağı hara dəyibsə, ora yalnız ölüm, dağıntı və fəlakət gətirib..."
 
Ukrayna xarici işlər naziri Rusiyadakı insan tələfatına və Putinin müharibə siyasətinə qarşı çıxış edib
 
Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya prezidenti Vladimir Putini təkcə Ukraynada törətdiyi cinayətlərə görə deyil, həm də öz əsgərlərinə qarşı rəftarına görə "kütləvi qatil" adlandırıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib. Məlumatı "5.ua" nəşri yayıb.
 
O, qeyd edib ki, Putin Ukraynada aparılan mənasız və qanlı müharibədə artıq bir milyon rus əsgərinin həyatına son qoyub.
 
Sibiqanın sözlərinə görə, Putini nə rus əsgərlərinin həyatı, nə də onların dronlarla qoparılan ayaqları maraqlandırır. Nazir qeyd edib: "Putin öz xalqının kütləvi qatilinə çevrilib. O, Ukraynada heç bir strateji məqsədə çatmadan bir milyon rus əsgərini qurban verib. Bir milyon əsgər. İki milyon ayaq".
 
Nazir əlavə edib ki, Putin öz ordusunu başqa ölkələrə soxmaqla məşğul olduğu bir vaxtda, ölkə daxilində rus xalqını iqtisadi baxımdan diz çökdürür. Onun fikrincə, bu cür müharibə siyasəti yalnız bir məqsədə xidmət edir - Putinin 25 illik uğursuz hakimiyyətinin nəticələrindən xalqın diqqətini yayındırmaq.
 
"Onun riyakarlıqla dolu çıxışları Rusiyanı Şimali Koreya və İran kimi rejimlərin daxil olduğu rəzil təcrid klubu sırasına salıb. Beynəlxalq təcrid, iqtisadi durğunluq və gələcəyi olmayan bir yol - Rusiya buna doğru gedir", - Sibiqa vurğulayıb.
 
Nazir beynəlxalq ictimaiyyəti sərt addımlar atmağa çağırıb: "Rusiya ancaq cəzasızlıq hissini itirdikdə sülhə məcbur edilə bilər. Ukraynaya hərbi dəstək artırılmalı, Rusiya iqtisadiyyatı isə dağıdıcı sanksiyalarla vurulmalıdır. Rusiya terrorçu dövlət kimi tanınmalı və tam təcrid edilməlidir. Moskvanı ayıltmağın yeganə yolu budur".
 
Putinin son bəyanatları
 
Xəbər verdildiyi kimi, Vladimir Putin son çıxışında Ukraynanın suverenliyini "bloklara qoşulmamaq, nüvə silahından imtina və neytrallıq" anlayışları ilə izah edib. Eyni zamanda, o, ukraynalılarla rusların "eyni xalq" olduğunu iddia edib və Ukraynanın bütövlükdə Rusiyaya məxsus olduğunu iddia edib.
 
Daha da irəli gedərək Putin bildirib ki, rus əsgərinin ayağı hara basıbsa, həmin torpaqlar artıq Rusiyaya aiddir. Buna cavab olaraq Sibiqa belə deyib: "Əslində isə, rus əsgərinin ayağı hara dəyibsə, ora yalnız ölüm, dağıntı və fəlakət gətirib".
Избранный
15
moderator.az

1Источники