“Rəhmətlik Cahangir Cahangirov “Zərif gülüşlüm” mahnısını mənə həsr etmişdi. İnanırsız, o qədər rəqs çıxdı ki.. Hər konsertə gedəndə bu rəqs iki dəfə gedirdi. Musiqisinə, sözlərinə görə... Şövkət Ələkbərova ifa edib. İndi də çalınanda bütün gəncliyim yadıma düşür, kövrəlirəm” Bunu Moderator.az-a açıqlamasında xalq artisti, “Şöhrət”, “Şərəf” ordenli rəqqasə Roza Cəlilova deyib. O daha sonra əlavə edib:
“Mənim paxıl sözündən acığım gəlir. Paxıllıq bilmirəm nədir? Rəfiqəm qəşəng oynayanda mən bunu özümə fərəh bilirdim. Bu məni yaşadıb. Allah mənim atama rəhmət etsin. O məni öz əliylə apardı baletə. Dedi ki, istəyirəm ilk qızım balerina olsun. Mən şərəf bilirəm ki, milli rəqsimi hər şeydən üstün tutdum. O milli rəqsim məni xoşbəxt etdi. Yenicə gəlmişdim filarmoniyaya. “Gülüstan” adlı kollektiv yaratdım. O kollektiv daha ölkə qalmadı gəzməsin. Yalvarırdılar ki, bir iki hərəkət göstərin bizə yadigar qalsın. Sənət elə çətindir ki, gərək onu yoğurasan. Hər hərəkətini yerində edib, səhnəyə çıxasan. Gör nə qədər sənətimə qiymət verirdim ki, mən istəmirdim səhnədən sonra məni həyatda görsünlər. Desinlər elə bu nağıldır. Gözləyirdim ki, hamı gedəndən sonra çıxım. Yoldaşım deyirdi hamı getdi, gəl. Deyirdim neçə nəfər qalıb? Deyirdi ki, iki nəfər var. Deyirdim ki, qoy onlar da getsinlər, sonra gəlim” deyə sənətkar bildirib.
Sənətkar bildirib ki, rəqs sənəti səhnə üçündür, toy üçün yox:
“Xalq məni toyda, küçədə görmədi, səhnədə, sənətdə gördü və ona görə də sevdi. Sənətimi o qədər sevirəm ki, xoşlamıram ki, səhnəyə çıxan toya getsin. Qızımın toyu oldu, mən toyda oynamadım. Bilirsiz niyə? Mən dedim toya gedən qız sənətkar deyil. O pula görə sənətini satır. Bizim sənətimiz, rəqsimiz, musiqimiz, libaslarımız ancaq səhnə üçündür. Toy hər kəsin şərəfli günüdür. Toyxananın da öz rəqqasəsi var. Səhhə səhnədir” deyə sənətkar bildirib.
Qeyd edək ki, sənətkarın bu günlərdə 96 yaşı tamam olub.