RU

Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: İrəvan üçün son fürsət!

Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci ilin 6 oktyabr tarixində imzalanan Praqa bəyannaməsi ilə bağlı maraqlı fikirlər səsləndirib. Paşinyan etiraf edib ki, Praqa bəyannaməsinin imzalanması, Bakı ilə razılıq Ermənistanı forpost olmaqdan xilas edib.

Xatırladaq ki, məhz Praqa bəyannaməsində Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bildirib.

Əslində Paşinyanın dediyi kimi, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla ona forpost kimi yanaşan, Qarabağ kartından ona qarşı təzyiq aləti kimi istifadə edən dövlətlərin siyasi asılılığından xilas oldu. Praqa bəyannaməsindən sonra Ermənistanın həqiqi azadlığı və müstəqilliyi üçün real imkan yarandı. Lakin rəsmi İrəvan bu imkanı lazımınca qiymətləndirə bilmədi. Çox keçmədi ki, bir ağanı  Fransanın timsalında digər bir ağa əvəz etdi və Ermənistan forpost statusunu qoruyub saxladı. Halbuki, İrəvan Bakı ilə daha bir razılıq əldə edərək  - sülh müqaviləsi imzalayaraq Ermənistanı ikinci dəfə xilas edə, onu həqiqi azadlığa qovuşdura bilərdi və bu gün də məlum fürsətdən istifadə edə bilər. Bunun üçün İrəvanın sadəcə Azərbaycanın sülh səylərini dəstəkləməsi kifayətdir. Yalnız bu halda Ermənistanın  digər dövlətlərin, qlobal güc mərkəzlərinin asılılığından xilas olması, həqiqi azadlıq və müstəqillik əldə etməsi mümkündür. Bu mənada Azərbaycanın günümüzdə də İrəvanı sülhə səsləməsi rəsmi Bakının Ermənistana növbəti dəfə öz xilas əlini uzatması kimi xarakterizə edilə bilər.

Və nə qədər ki, rəsmi İrəvan öz taleyini mövcud olduğu regiona, region dövlətləri ilə səmimi və mehriban qonşuluq siyasətinə deyil, min kilometrlərlə uzaqlıqda yerləşən güclərin avantüralarına bağlayır, Ermənistanın forpost şinelindən çıxması mümkünsüzdür.

Seymur ƏLİYEV

Избранный
8
moderator.az

1Источники