RU

Azərbaycan və Türkiyənin ortaq istehsalı olan daha bir film

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan və Türkiyənin ortaq istehsalı olan “Ölü Həsən” filminin çəkilişləri başa çatıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin “Ultra Production”, “Poetika Film” və Azərbaycan Kinematoqrafçılar İttifaqının istehsalı olan film Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA), İctimai Televiziya və “Dev Film”in dəstəyi ilə reallaşdırılıb.

Filmin rejissoru Türkan Hüseynli, ssenari müəllifləri Türkan Hüseyn və İsmayıl İman, quruluşçu operatoru Vasif Vəlizadə, quruluşçu rəssamı Turan Yusifova, bəstəkarı Nigar Süleymandır. Ekran işinin icraçı prodüseri Elməddin Alıyev, prodüserləri Emil Nəcəfov, Pərviz Məmmədov, Əli İsa Cabbarov, Duyğu Dəvəli, Emrah Kılıç, Sevinc Əliyevadır.

Filmdə Qurban Əhmədov, Natəvan Abbaslı, Qurban İsmayılov, Türkay Cəfərli, Orxan İskəndərli, Ülvi Həşim, Ramil Məmmədov, Mətləb Abuşov, Sevinc Əliyeva, Eltəkin Xan, Nigar Məmmədova, Əzizə Həşimli, Leyli Vəliyeva və Vaqif Kərimov rola alıblar.

Çəkiliş prosesləri Şamaxı rayonunda, Bakının Qobustan, Zirə və Sahil qəsəbələri ilə yanaşı, mərkəzi hissələrində də aparılıb.

Filmin qəhrəmanı Həsənin öldüyünü zənn edən kənd sakinləri o, gözlərini açınca mistik güclərə sahib olduğuna inanırlar. Hadisələrin sonrakı gedişatı Həsənin ətrafında cərəyan etməyə başlayır və ssenari bu mistik atmosfer əsasında inkişaf etdirilir. Film mistik realizmlə yanaşı, dram, triller və qara yumor elementlərini də özündə birləşdirir.

Ekran işi 2026-cı ildə kinosevərlərə təqdim olunacaq.

 

Избранный
6
1
azertag.az

3Источники