RU

"Kreml Trampa "cəbhədə uğur" görüntüsü satmağa çalışır" - Zelenski

"Diplomatik cəbhə, silah müqavilələri və Rusiyaya təzyiq..."
 
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla mümkün görüşün gündəliyini açıqlayıb. O, silah tədarükü, Rusiyaya qarşı əlavə sanksiyalar və diplomatik təşəbbüslərlə bağlı mövzuları əsas müzakirə predmeti kimi görür.
 
Moderator.az xəbər verir ki, bu barədə "gazeta.ua" nəşri məlumat yayıb.
 
Zelenski qeyd edib ki, ABŞ-ın maliyyə naziri Skott Bessentə Ukraynanın böyük məbləğdə silah paketi ilə bağlı təklifi çatdırılıb. Bu paketə hava hücumundan müdafiə üçün nəzərdə tutulmuş "Patriot" sistemləri də daxildir. Prezident bildirib ki, Ukrayna bu silahların alınması üçün maliyyəni tapmağa hazırdır və Trampla görüşdə bu məsələni ətraflı müzakirə etmək istəyir.
 
Eyni zamanda, Zelenski diplomatik cəbhədə də "yeni nəfəsə" ehtiyac olduğunu vurğulayaraq, "dünyanın Putinə qarşı təzyiq gücünü artırması" zərurətindən danışıb. O, bu məsələləri də Trampla görüş zamanı müzakirə etməyi planlaşdırır.
 
NATO sammitinə gedib-getməməsi ilə bağlı suala cavab verən Zelenski bildirib ki, bu qərar Trampla görüş olub-olmamasından asılı deyil. Lakin Niderland kralı və baş naziri tərəfindən dəvət aldığını və bu səfərin gündəliyində vacib görüşlərin ola biləcəyini əlavə edib.
 
Rusiya cəbhədə uğur görüntüsü yaratmağa çalışır
 
Eyni brifinqdə Zelenski Rusiyanın Sumi və Xarkov istiqamətlərində cəbhədə əldə etməyə çalışdığı uğurlardan da danışıb. Onun sözlərinə görə, Kreml bu cəbhə bölgələrində "taktiki qələbələri" Trampa siyasi kapital kimi təqdim etmək istəyir. Lakin real vəziyyət fərqlidir: Rusiya qoşunları yalnız 200 metr irəliləyə bilib, ukraynalı müdafiəçilər isə onları 400 metr geri oturdub.
 
Prezident əlavə edib ki, hazırda Ukraynada 695 minə yaxın Rusiya hərbçisi var və Sumı istiqamətində təqribən 52 minlik kontingent yerləşdirilib. Burada əsasən bomba və Şimali Koreyadan gətirilən raketlərlə hücumlar edilir. Zelenskinin fikrincə, Rusiya rəhbərliyi cəbhədəki uğursuzluq fonunda Trampın, xüsusilə sanksiyalar sahəsində təzyiqi ilə qarşı-qarşıya qala bilər.
 
Zelenski bu həftə Kanadada Trampla görüşməyi planlaşdırsa da, ABŞ prezidenti sammiti vaxtından əvvəl tərk edərək Vaşinqtona qayıdıb. Qərb mediası bunu Ukrayna üçün ciddi məyusluq kimi dəyərləndirir. Trampın diqqətini İsrail-İran böhranına yönəltməsi isə Kiyev üçün əlavə narahatlıq doğurur.
Избранный
10
moderator.az

1Источники