RU

"NATO uçurumun kənarında: Trampın Ağ Evə dönüşü və Rusiyanın təhdidi Alyansı sınağa çəkməkdədir" - BBC

"Atlantik alyans Ukrayna müharibəsi ilə dirçəldi, lakin ABŞ-ın yeni kursu və Rusiyanın təzyiqi onun gələcəyini sual altına alır..."
 
Ukraynaya qarşı müharibə NATO-nu illərlə davam edən durğunluqdan oyatdı. Son iki ildə Finlandiya və İsveç Alyansa qoşuldu, birgə müdafiə qabiliyyəti gücləndirildi. Amma indi, Donald Trampın Ağ Evə qayıdışı ilə birlikdə NATO ən ciddi siyasi və strateji böhranını yaşayır. Bu böhran Alyansı ya məhv edə, ya da yenidən formalaşdıra bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, buna əsas səbəb etimadsızlıqdır. Alyans üzvləri arasında artıq "biri hamı üçün, hamı biri üçün" prinsipinin işləyəcəyinə dair inam sarsılıb. Trampın özü də ABŞ-ın Alyansdakı rolunu və öhdəliklərini açıq şəkildə şübhə altına alır. NATO tarixində 5-ci maddənin, yəni bir üzvə hücumun hamıya hücum sayılması prinsipinin təkcə bir dəfə, 11 sentyabr hücumlarından sonra ABŞ üçün işlədiyi yadda qalır.
 
Makronun "beyin ölümü" xəbərdarlığı və bugünkü reallıq
 
2019-cu ildə Fransa prezidenti Emmanuel Makron NATO-nun "beyin ölümü" yaşadığını deyəndə, bu, dünyada səs-küy yaratmışdı. İndi isə bu sözlər daha çox gerçəyə oxşayır. ABŞ-ın Rusiya ilə yumşalan münasibətləri, Ukraynada davam edən müharibə və Avropanın özünü təhlükə qarşısında tək hiss etməsi Alyansı zəiflədib. NATO baş katibi Mark Rüttenin sözlərinə görə, Rusiyanın üç ayda istehsal etdiyi sursat Alyansın bir ildə istehsal etdiyi ilə eynidir. Bu isə ciddi təhlükədir.
 
ABŞ çıxsa, nə baş verər?
 
Trampın keçmiş müşaviri Con Bolton deyir ki, onun ilk prezidentliyi dövründə ABŞ demək olar ki, NATO-dan çıxmaq qərarına yaxın idi. Tramp Avropa ölkələrinin müdafiə üçün razılaşdırılmış ÜDM-in 2 faizini xərcləməməsini sərt tənqid edir və hətta "borc ödəməyən" ölkələri Rusiyaya "təslim etməyi" təklif etmişdi.
 
Əgər ABŞ NATO-dan çıxarsa, bu, həm təhlükəsizlik, həm də iqtisadi baxımdan Alyans üçün sarsıdıcı ola bilər. Hazırda Avropada 85 min amerikalı hərbçi yerləşir, bu say "soyuq müharibə" dövründəki 475 minlə müqayisədə xeyli azdır. Tramp administrasiyası isə bu sayın daha da azaldılmasını istəyir.
 
"Pax Americana"-nın sonu?
 
Avropada təhlükəsizlik sistemi ABŞ-ın iştirakı ilə qurulub. Amerikalılar Avropanı nüvə "çətiri" ilə qoruyur, hərbi kontingent saxlayır və bunun əvəzində Avropa ABŞ silahı alır və siyasi dəstək verir. Amma Trampın sərt ritorikası Avropanı ABŞ-sız təhlükəsizlik sistemləri axtarmağa vadar edir. İddialara görə, ABŞ bu yoldan dönməsə, 25 il ərzində Avropa alternativ qurumlara 1 trilyon dollar xərcləməli olacaq.
 
Ukrayna olmadan NATO zəifdir
 
Zelenski deyir ki, NATO Ukraynasız Avropanı qoruya bilməz. Ukrayna 11 illik müharibə nəticəsində 110 döyüş briqadası formalaşdırıb, bu, bir çox NATO üzvünü geridə qoyur. Rusiya isə ordusunu daha 30 briqada artırmağı planlaşdırır. Bu şəraitdə Ukraynanın Alyansa inteqrasiyası bəlkə də Avropa təhlükəsizliyi üçün həlledici olacaq.
 
Gələcəyin ssenariləri: ya yenidən doğuluş, ya da dağılma
 
ABŞ-dan gələn mesajlar təkcə NATO-nun deyil, ümumiyyətlə, Qərb təhlükəsizlik sisteminin taleyini müəyyən edə bilər. Əgər ABŞ real addımlarla Avropadan çəkilsə və NATO üzv öhdəliklərini yerinə yetirməsə, bu, Alyansın sonu ola bilər. Almaniya artıq öz qoşunlarını Baltikyanı ölkələrdə yerləşdirməyə başlayıb. NATO-nun gələcəyi bu yeni və təhlükəli geosiyasi mərhələdə necə davranacağından asılı olacaq.
Избранный
14
moderator.az

1Источники