RU

Azərbaycan və Türkiyənin ortaq filmi

“Ultra Production”, “Poetika Film” (Türkiyə) və Azərbaycan Kinematoqrafçılar İttifaqının istehsalı olan “Ölü Həsən” filminin son çəkilişləri gedir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA), İctimai televiziya, Dev Film və Özsüt restoranlar şəbəkəsinin (ketrinq dəstəyi) dəstəyi ilə reallaşdırılır.

Filmin prodüserlərindən biri olan Əli İsa Cabbarov XQ-yə açıqlamasında bildirib ki, filmin rejissorluğunu Türkan Hüseyn yerinə yetirir. Ssenari müəllifləri Türkan Hüseyn və İsmayıl İman, quruluşçu operator Vasif Vəlizadə, quruluşçu rəssam Turan Yusifova, bəstəkar Nigar Süleyman, səs operatoru Emin Mahmudovdur. Filmin qəhrəmanı Həsənin öldüyünü zənn edən kəndliləri o, gözlərini açınca mistik güclərə sahib olduğuna inanırlar. Hadisələrin sonrakı gedişatı Həsənin ətrafında cərəyan etməyə başlayır və ssenari bu mistik atmosfer əsasında inkişaf etdirilir. Eyni zamanda, mistik realizmlə yanaşı, film dram, triller və qara-yumor elementlərini də özündə birləşdirir.

Ekran əsərində Qurban Əhmədov, Natavan Abbaslı, Qurban İsmayılov, Türkay Cəfərli, Orxan İskəndərli, Ülvi Həşim, Ramil Məmmədov, Mətləb Abuşov, Sevinc Əliyeva, Eltəkin Xan, Nigar Məmmədova, Əzizə Həşimli, Leyli Vəliyeva və Vaqif Kərimov çəkiliblər. Filmin kastinqini “Next Cast” Agentliyi yerinə yetirib.

Çəkiliş prosesləri Şamaxı rayonunda, Bakının mərkəzi hissələrində, eləcə də Qobustan, Zirə və Sahil qəsəbələrində aparılıb. Tammetrajlı bədii film 13+ yaş kateqoriyası üçün nəzərdə tutulub. İstehsalı 2026-ci ildə başa çatacaq film əvvəlcə beynəlxalq festivallarda nümayiş olunacaq, daha sonra isə kinoteatrlarda tamaşaçılara təqdim ediləcək.

XQ

Избранный
5
1
xalqqazeti.az

3Источники