RU

Abdulla Elşadlı: "Get psixoloji dispanserə, sənin ciddi problemlərin var!" - Müsahibə

Kulis.az rejissor və aktyor Abdulla Elşadlı ilə müsahibəni təqdim edir.

– Əvvəlcə "Öyrədərək Öyrənirəm" layihəsi barədə danışaq. Öz layihənizdir, yoxsa sadəcə, sizi seçdilər? Layihənin məqsədi və əhəmiyyəti nədir?

– Bu, Mədəniyyət Nazirliyinin layihəsidir. Məqsədi bölgə teatrlarını inkişaf etdirmək və onları Bakı teatrlarında gedən proseslərə yaxınlaşdırmaqdır. Müxtəlif sənətçilər yollanılır ustad dərsləri deməyə. Mən artıq dördüncü dəfə ezam edilirəm. Sonuncu dəfə keçən ilin oktyabrında Füzuli Dövlət Dram Teatrında oldum. Orada Axundzadənin "Aldanmış kəvakib" povestinə "Kəvakib" adı ilə quruluş verdim. İndi isə Sumqayıt teatrındayam. Anarın "Qaravəlli" pyesinin əsasında eyniadlı tamaşa qurmuşam. Mədəniyyət Nazirliyi də təsdiq eləyib. Adı kimi də, mən həm öyrədir, həm də öyrənirəm. Tamaşada nəinki professional aktyorlar, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin tələbələri də oynayır. Hətta biri əsas rolu, teatr tanrısı Dionisi oynayır - Şəhriyar Aşkari. Digər tələbə isə mənim assistentimdir. 4 kurs tələbəsidir. Rəvan Hüseynzadə. Bu yaxınlarda özü müstəqil teatr açdı və premyerası keçirildi. Yəni layihə tam özünü doğruldur.

– Teatrla ilk tanışlığınız necə olub?

–Hekayəsi uzundur. Qısa deyim. Gürcüstanda "Estrada, Sirk və Klounada" texnikumunu bitirdim. Təsadüfi düşmüşdüm oraya. Vuruldum bu sənətə. Təhsilli klounam yəni, bilməyənlər üçün deyim. Sonra elə oldu Azərbaycana köçməli olduq ailəlikcə. Burada yolum Maştağa Mədəniyyət evinə düşdü. Orada hazırda Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Anar Babalı ilə tanış oldum. O məni rejissorluğa yönəltdi və ilk müəllimim oldu. Onu özümə Ustad sayıram. Ordaca vuruldum bu sənətə və sehrinə düşdüm. Sonra İncəsənət Universitetinə hazırlaşdım - Nofəl Vəliyev hazırladı. Bir qəpik pul almadı məndən. Yəqin nəsə gördü məndə. Qəbul oldum. Daha sonra o vaxt bizim rektorumuz olan Fərəh xanım Əliyeva məni çağırdı və dedi ki, Moskvaya qəbul var, şərait yaradırıq get oxu. Getdim oxudum. Və indi qarşınızdayam... necə varamsa elə.

– Ailəniz sənət seçiminizə necə yanaşırdı?

Estrada - klounada fakültəsinə elə-belə girmişdim. Əlimdə sənəd olsun. 2-ci kursda marağımı çəkdi bu peşə. Evdə dedim. Anam razı oldu, atam tərəddüd edirdi. Qəribə gəlirdi ona aktyor olmaq. İllah dakloun. Kloun deyiləndə ağıla toylardakı klounlar gəlir axı, cıy-cıy səslə danışan. Heç kəsin ağlına Karandaş, Nikulin, Vyaçislav Pallunin gəlmir. Amma az müddətə razı sala bildim. Davamını da bilirsiniz.

– Heç başqa bir sahəyə marağınız olubmu? Yoxsa teatr sizin üçün tək yol idi?

Bir zaman 14-15 yaşlarımda ilahiyyatçı olmaq istəyirdim. Getdim Quranı da oxumağı öyrəndim. Çoxlu xütbələrə qulaq asırdım disklər alıb. Sonra tək olanda təkrar edirdim Hacı Şahinin dediklərini. Yəqin ordan yaranıb mimmezis qabiliyyəti. Sonra gördüm bu mənlik deyil. Aşpaz olmaq istədim atam kimi və çox dadlı da yeməklər bişirirəm. Amma o da mənlik olmadı. Ata dedi yeməklərin başına oyun açma, nə gəldi dəxli oldu, olmadı qatırsan bizim dilimizdə desək eksperimet aparırdım mətbəxdə. Gördüm çox danlanıram, dedim bu da o peşə deyil. Axırda belə... Aktyor, rejissor oldum.

– Hansı film, tamaşa və ya aktyor sizə ilk dəfə "mən də bu sahədə olmalıyam" dedirtdi?

Lui de Fünes və Roven Atkinson aktyor kimi mənim ikonalarımdır. Tamaşa isə... Düzünü deyim? Bu tamaşa olmayıb, film və teletamaşa olub. Rezo Çxeidzenin "Əsgər atası" filmi, bir də Ramiz Həsənoğlunun "Ac həriflər" televiziya tamaşası. Məncə, ümumiyyətlə, o iş masterklassdır. Bax, öyrən və bacardığın qədər təhlil edib çox şey oğurla bir aktyor kimi. Mən edirəm. Mən, ümumiyyətlə, aktyor kimi çox oğru adamam.


– Teatr təhsiliniz necə keçdi? İlk dərsiniz, ilk müəlliminiz…

Yəqin Moskvadakı təhsilimi deyirsiniz? Çox yaxşı, səmərəli. Eləcə də ADMİU təhsilim də əla idi. Mən o ocağa çox şey borcluyam. Ora olmasaydı, Abdulla olmazdı. O ki qaldı Şukinsiyə, Ora mənim üçün böyük bir məktəb oldu. Mən Vaxtanqov ideologiyasına vuruldum, iliyimə, qanıma qədər Vaxtanqov ideyaları yeridi. Zəif tərəflərim var idi rəqs və vokalda. Ümumiyyətlə, musiqi duyumum yoxdur. Amma aktyor və rejissor sənətindən müvəffəq işlərim olduğundan, bunları mənə keçirdilər. İlk dərs günlərinin birini gözümün dolmağı ilə xatırlayıram. Rəhmətlik, məhrum Ustad Mixail Borisoviç (Mixail Fişman-Borisov) bizə Stanislavski sistemində belə bir elementi izah edirdi "Faktın qiymətləndirilməsi". Onu burda belə deyə bilməyəcəm. Çünki riyazi bir düsturdur, sxem çəkilməlidir. Amma yadımdadır ki, A4 vərəqində flomasterlə çəkib bizə göstərdi və baş verən fakt necə qiymətləndilir izah etdi. Onda mənim gözüm doldu. Yəni bu qədər asan imiş? Yəni bir ömür mənə deyilən Stanislavski, Stanislavski bu imiş. Mən də "Yaşamaq məktəbi" ifadəsindən və bir də "İnanmıram" ifadəsindən başqa bu kişinin sistemi haqqında heç nə eşitməmişdim. Heç o "Yaşamağı" da düz-əməlli mənə öyrədə bilməmişdilər (Azərbaycan dilinə bu ifadə səhv tərcümə edilib. "Школа переживаний" "Yaşantı məktəbi" kimi tərcümə edilməlidir. Çünki aktyor səhnədə, həyatda nə vaxtsa yaşayıb, təhtəlşüurunda qalmış nəyisə TƏKRAR yaşayır. "Пережить что либо заново" - nəyisə, hansısa yaşantını təkrar bir də yada salıb yaşamaq - yəni göstərmək.) Hə, sxemi deyirdim axı... Bax onda mənim tüklərim biz-biz durdu. Dedim vəssalam, mən tapdım öz yerimi. Amma ilk 1 ay mən Bakıya qayıtmaq istəyirdim. Sonra məktəbimiz məni saxladı. Oradakı ustavlar, hərbi qayda-qanun. Yoxsa Moskva mənim şəhərim deyil. Çox boz və böyük, səs-küylü şəhərdir.


– Sizcə, aktyor və rejissor arasında hansı əsas fərqlər var? Hansı tərəf sizi daha çox özünə çəkir?

Mən həm aktyoram, həm də rejissor. İkisini də bacarıram və çox yaxşı bacarıram. Amma məni heç kəs aktyor kimi tanımır. Hamı rejissor və pedaqoq kimi tanıyır. Zərurət yarandı və rejissor sənətini perspektiv götürdüm. İşlədiyim Akademik Rus Dram Teatrındaaktyor ştatındayam və dörd tamaşada varam. Prinsipial olaraq rejissor işləmirəm heç bir teatrda. Müstəqil rejissoram və nə istəyirəm onu qururam. O ki qaldı əsas fərqə, bu peşələr arasında rejissor ideoloqdur. O ideologiyanı qurur, aktyor isə bunu əmələ çevirib səhnədən ötürür. Aktyor ötürücü, fleşkart funksiyasını daşıyır. Onun teatrda bircə hüququ var təklif etmək hüququ. Onu da rejissor qəbul etsə, tamaşanın formasına, ana xəttinə uyğun olsa. Aktyor sənəti tabe olan peşədir və elə gözəlliyi də bundadır.

– Yaradıcılıq prosesində daha çox ilham, yoxsa intizam sizə yol göstərir?

İntizam! İntizam! İntizam! Hərbi İntizam!

– İlk qurduğunuz tamaşanı necə xatırlayırsınız? Uğurlu idi, yoxsa təcrübə mərhələsi?

İlk tamaşam 1-ci kursun sonunda kurs işim olmuşdu. H.Cavidin "İblis" faciəsi əsasında "Məhşər, Məhşər oyunu". 2014 ildə indiki Milli Gənc Tamaşaçılar Teatrında kiçik səhnə istifadəyə verildi. Cənnət Səlimova da o vaxt teatrın baş rejissoru idi. Dedi, sənə inanıram, gəl səhnənin ikinci tamaşasını sən qur. Açılışı öz quruluşunda və Şövqü Hüseynovun ifasında "Sözsüz" tamaşası olmuşdu. Məncə, bu daha çox təcrübə idi. Onu mən tamaşa saymıram. İndi durduğum yerdən baxanda isə, o iş heç kompozisiya da deyildi.

– Tamaşa qurarkən ilk olaraq nəyə diqqət yetirirsiniz – mətnə, musiqiyə, yoxsa aktyor heyətinə?

Məndə birinci iş evdə gedir. Əsəri oxuyuram. Çox oxuyuram. Lap çox. Demək olar ki, əzbərləyirəm. Sonra təhlil edirəm. Əsas prosesdir təhlil. Daha sonra tamaşanı quracağım teatrın aktyor truppası ilə tanış oluram. İmkan daxilində bir neçə tamaşaya baxıram teatrda. Sonra rol bölgüsü... Rol bölgüsü tamaşanın uğurunun 80% təşkil edir. Orda yanılmadınsa, uğurlu olacaq. Rəhmətlik rejissor Rövşən Almuradlının sözüdür "Rejissorun iki şeydə səhv etmək haqqı yoxdur pyesi səhv seçməkdə və səhv rol bölgüsündə". Ondan sonra oxunuşlar. Aktyorlarla birgə əsərin ikinci dəfə təhlili və quruluş... Orada necə olur, deməyəcəm. Öz metodum var, məşq metodum.

– Sizin üçün ideal aktyor necə olmalıdır? Onun hansı xüsusiyyətləri vacibdir?

İdeal aktyor əvvəlcə güclü intellektə, dünya görüşünə, ədəbi biliyə, məktəbə sahib olmalıdır. Sonra isə gəlir aktyor peşəsi, aktyor sənəti. Bu gün artıq teatr dəyişib. Bu gün istedadla, səsinin gur yeri ilə təccübləndirmək mümkün deyil. Bu gün rejissor teatrıdır. Yox, heç rejissor teatrı da deyil bu gün. Bu gün nədirsə, başqa bir teatr dövrü başlayıb. Bilmirəm nədir onun adı metomodern, postmodern, postdramatik... Hər nədirsə, bircə onu bilirəm ki, köhnə teatr deyil. Bu teatrın aktyordan tələbi artıq fərqlidir. Burada istedad, səs, plastika deyil, burada intellekt ilk yerdə durur. Bəs onu necə tətbiq edək? Bax o geniş debat mövzusudur. Nə qədər istəmişəm, bir nəfər təşkil etmir ki, debata çıxaq, mübahisə olsun, suallar doğulsun, suallara cavab tapılmasın, yazılsın, pozulsun, teatr gündəmə gəlsin, amma dava-dalaş və rejissoru şərləməklə deyil sağlam mübahisə. Qısa aktyor intellektual olmalıdır və nida.

– Tamaşaçı ilə rejissor arasında hansı münasibət olmalıdır? Onu dəyişmək mümkündürmü?

Bilmirəm hələ hansı münasibət olmalıdır. Hələ ki bu suala cavab tapmamışam. Bu bir növ Piter Bruka verilən"Teatr necə olmalıdır?" sualına oxşayır. O "Necə olmalıdır onu bilmirəm, amma necə olmamalıdır - deyə bilərəm." cavabını vermişdi. İndi olmalıdır, olmamalıdır münasibət bilmirəm, amma onu bilirəm ki, maraqlı tamaşalar olmalıdır, tamaşaçı darıxmamalıdır, uzun olmamalıdır tamaşalar. Pisdirsə münasibət, dəyişmək, barışmaq lazımdır.

– Özünüz hansı rolları ifa etməyi daha çox sevirsiniz – tragik, komik, yoxsa xarakter rolları?

Məni Ustadım Leviçkidən sonra dəqiq verilmiş tapşırıq, ön hadisə və səhnə həlli tapan bir rejissor olsa, onun verdiyi (daha doğrusu, məni gördüyü) istənilən rolu ifa edərəm. Hələ ki, Ustadımı keçən elə bir rejissor yoxdur. Gərək mən formadan qıcıqlanam. Mən forma dəlisiyəm. Yəqin rejissor olmağımdan da irəli gəlir bu. Necə ki, bir kişini bir gözəl qadın haldan-hala salır, məni də forma. Lakin və amma mən xarakterik aktyoram.

– Səhnəyə çıxmazdan əvvəl hansı rituallarınız var?

Siqaret çəkə-çəkə Okaberə, Ekspertə qulaq asıram.Yox, vallah, ciddiyəm. Okaber... Möhtəşəmdir. Orada söz formaya gəlir. Üsyan var, problem var.

– Heç elə bir rol olubmu ki, sizi psixoloji olaraq çox yormuş olsun?

Elə çox rol oynamamışam axı. Ən çox Şukinskidə(B.Şukin adına Teatr İnstitutu) oynamışam. "Otello"nu oynamışam. O da yormayıb. Əksinə, yorğun gəlirdim, o tamaşadan sonra dimcəlirdim. Mənim güclü məktəbim var axı. Mənim texnikam var. Niyə yorulum ki? Mənə "Tamaşadan sonra az qala üstümə "skoru" gələ" deyən aktyorlar var. Dodağım qaçır onlar danışanda. Deməli, sən sənətə yararsız adamsan da, əgər vəziyyətdən çıxa bilmirsənsə. Deməli, texnikan yoxdur. Deməli, məktəbin yoxdur. Deməli, get psixoloji dispanserə, sənin ciddi problemlərin var.

– Səhnədə "yalan" hiss olunanda, bunu tamaşaçıdan gizlətmək mümkündürmü?

Baxır hansı tamaşaçıdan. Elə tamaşaçı var ki, gözünə baxıb yalan oynayır aktyor, axırda əl çalır. Mən şəxsən neçə dəfə olub ki, tamaşanı yarımçıq qoyub çıxmışam zaldan. Çünki iyrənc yalan olub səhnədə. Baxmamışam. Niyə vaxtımı itirim ki?

– Sizcə, Azərbaycan teatrı bu gün hansı mərhələdədir? İrəliləyiş varmı?

İrəliləyiş gedir. Artıq bu proses 3 ildir gedir. Birdən olmayacaq. Vaxt lazımdır. Səbir gərəkdir. Çünki çox böyük bir ara məsafəsi var. Düzəlir. Elə bu yuxarıda danışdığımız layihə də bu "müalicənin" bir hissəsidir. Məncə, çox böyük bir şans var sağalmağa. Çünki dövlətin və qurumların nəzarətindədir teatr. Ola bilər üzdə siz görmürsüz və "Əşi, day noldu e, nə.qədər gözləyəcəyikk?" deyirsiniz. Amma mən bu işlərin içindəyəm və görürəm ki, düzəlir.

– Gənc rejissorlar və aktyorlar haqqında fikriniz necədir? Onlarda nə çatışmır və ya nə ümidvericidir?

Təkəbbür və ümidsizlik var çoxunda. Bu böyük çatışmazlıqdır. Bunlardan kənarda hər şey ümidvericidir.

Azdır gənc rejissorlar. Adları o qədər azdır ki, sizi yormayacam ad-soyad yazmaqdan. Deyim yazın Nicat Mirzə, Anar Babalı, İmran Ali Qurban, Şamil Məmmədov, Səbinə Məmmədzadə, Fuad Kazımzadə. Ola bilsin yenə var, adlarını bilmirəm. Mən daimi təmasda olduqlarımın və daimi işləri olan, daimi gündəmdə olan gənc rejissorların adlarını çəkdim. Bir də təbii ki, inandığım. Yəqin mənim haqqım var da bunlara inanmağa? Düzdür? Mən belə düşünürəm...

– Dövlət teatrları ilə müstəqil teatrlar arasında əsas fərq nədir? Hansı yol daha azad yaradıcılıq verir?

Vallah, onu müstəqil teatrları olanlardan soruşun. Mən bilmirəm müstəqil teatr necə olur. Bir dəfə cəhd etdim yaratmağa. Gördüm, alınmır. Çevirdim studiyaya və dərs dedim. Gördüm belədaha uğurlu olur. İdarə etmək çətindir. Onun üçün gərək istedad və idarəetmə bacarığı ola. Mən onu bacarmıram deyə bu suala cavab verə bilməyəcəm.

– Tamaşaçı zövqü dəyişibmi? Onlara nələri çatdırmaq artıq çətindir?

– Çox dəyişib. Özü də lap çox, çoxun çoxu, elə elə çox ki!.. O vaxtı hamı Mehdi Məmmədovun "İblis", "Dəli yığıncağı"-nı tərifləyirdi. İndinin özündə də yaşlı nəsil kövrəlir o tamaşanı sevdiklərindən. Amma yutubda baxanda bu reaksiyaların səbəbinin nə olduğunu bilmirəm və başa düşmürəm. O, artıq baxımlı teatr deyil. Köhnəlib. Lazım deyil. Artıq heç kəs ona baxmayacaq. Deyirdilər, Hamlet Xanızadə sonda İblisin monoloqunda qəhqəhə çəkəndə bir hamilə qadın qorxudan zalda doğub. O hissəsinə on dəfə çevirib baxıram və nəyə görə qadının doğduğunu başa düşə bilmirəm. Çox gülməli oyundur. Vallah. Allah haqqı o teatr köhnəlib. İndiki tamaşaçıya qısa lazımdır hər şeyi demək. 50 dəqiqə, ən uzağı 70 dəqiqə və bitdi. Klip təfəkküründə yaşayırıq. İnformasiya bizə şparqalka şəklində verilir və bu bizə yaşamaq üçün kifayətdir. Uzananda bezirik. Ona görə ki, artıq hər şey başa düşüldü, mən dalına niyə baxım ki?!

– Texnologiyanın teatra inteqrasiyasına necə baxırsınız? Səhnəyə faydası çoxdur, yoxsa ziyanı?

Əgər ümumi işə xeyri varsa, əla baxıram. Əgər bu səhnədə vizual mətnlə fikir ötürürsə, lehinəyəm.

– Sizcə, teatr kinoya və ya rəqəmsal platformalara uduzurmu?

Xeyr, hərəsinin öz tamaşaçısı var. Mən, məsələn, kinoteatra çox getmirəm, evdə də Netfliks və ya digər platformalarda çox film izləmirəm. on filmim var. Lazım olanda, kefimə düşəndə onlara baxıram. Amma teatra həftədə bir dəfə gedirəm. Bu mütləqdir. Məncə, heç biri digərinə uduzmayıb.

–Bir rejissor olaraq, müasir sosial problemlərə tamaşalarınızda necə toxunursunuz?

Bunun cavabını iyun ayının ortaları, Sumqayıt Dövlət Dram Teatrında təzə quruluş verdiyim Anarın "Qaravəlli" əsərinə gəlib baxıb cavab taparsınız. Sözlə onu ifadə etmək olmur. Onu siz ifadə edə bilərsiniz. Siz söz adamısınız. Biz isə forma ilə danışırıq. Biz heykəltəraşıq bir növ. Biz yapırıq problemi. Amma gildən deyil, aktyordan və köməkçi texniki, səs, musiqi və s. vasitələrdən.


–Tamaşa yaratmaq üçün sizi motivasiya edən əsas səbəb nədir?

Birincisi, məni narahat edən, dəli edən, ürəyimi sıxan bir problem olur, bax o. İkinci isə qonorar.

–Sizi səhnədən kənarda necə bir insan kimi tanımaq olar?

Çox sadiq dostam. Utanıram kiməsə deməyə ki, hiss edirəm mənə qarşı pis iş görürsən, yalan danışırsan. Amma birdən elə pik həddə çatır ki, kürd-tərəkəmə qanım oynayır onda... çox pis insan oluram. Kinli deyiləm, sadəcə, yaddaşım çox güclüdür.

–Boş vaxtlarınızda nələr edirsiniz?

Boş vaxtımda teatr camiəsində olan dostlarla (başqaları yoxdur zatən) görüşürük və hər şeydən danışırıq. Əsas mövzu isə, son görəcəyimiz işlər olur. Müzakirə edirik, debatlar olur. Amma mən tez gedəsi oluram. Çünki şəhərdən uzaqda yaşayıram . Sonuncu kitab isə tərcümə etdiyim kitab olub - Efros "Məşq - məhəbbətim mənim". Yəni onun bir neçə dəfə oxumuşam. Sadəcə, tərcümə etdiyim üçün, sonuncu dəfə yenə oxudum. Amma belə stolüstü kitabım axır iki ayda E.Aslanovun "Xalq oyunları. El-oba tamaşaları. Qaravəllilər" kitabıdır. O da quruluş verdiyim tamaşaya görə. Sözün düzü, iki aydır heç nə izləmirəm.

–Yaradıcılıq tükənəndə nə edirsiniz? Özünüzə necə gəlirsiniz?

Hələ çox şükür, tükənmir. Mənim üçün yaradıcılığın tükənməyi tamaşaya forma tapa bilməməkdir. Məzmuna xidmət edən forma. O da şükür hələ fantaziyam yaxşı işləyir. Amma arada istənilən yaradıcı insanda olan depressiya məndə də olur səbəbsiz-filansız. Onda gedirəm ya Bibiheybəti ziyarət etməyə, ya da evdə mətbəxə girirəm dadlı yeməklər bişirirəm. Yəni nə kitab oxuyuram, nə də musiqiyə qulaq asıram, nə filmə baxıram, nə də muzeyə gedirəm elə vaxtlarda.

– Teatr sizin üçün peşədir, missiyadır, yoxsa həyat tərzi?

Xidmət növü.

Избранный
15
2
kulis.az

3Источники