Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Opera günləri" layihəsi çərçivəsində Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor, ictimai xadim Bülbülün repertuarından ibarət konsert proqramı təqdim olunub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, konsertdə Əməkdar artistlər Fərid Əliyev, Əliəhməd İbrahimov, İlkin Əhmədov, solistlər Adil Axundov, Mahir Tağızadə, Atəş Qarayev, Rza Xosrovzadə, Mirəli Sarızadə çıxış ediblər.
Bülbülün repertuarından ibarət konsert proqramında Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun ariyası, "Sənsiz", "Sevgili canan", Fikrət Əmirovun "Ulduz", Asəf Zeynallının "Ölkəm" romansları, Tofiq Quliyevin "Neftçilər mahnısı", Azərbaycan xalq mahnıları "Xumar oldum", "Mən aşiq", həmçinin Cakomo Puççininin "Toska" operasından Kavaradossinin ariyası, Cüzeppe Verdinin "Riqoletto" operasından Hersoqun mahnısı, Qaetano Donisettinin “Sevgi şərbəti” operasından Nemorinonun ariyası səsləndirilib.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.