İranla İsrail arasında hərbi qarşıdurma bir həftədən çoxdur ki, davam edir. Bəs müharibənin davam etməsi neftin dünya bazarındakı qiymətlərinə necə təsir göstərəcək?
Moderator.az-a açıqlama verən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov, müharibənin davam etməsinin dünya bazarında neftin qiymətini artıracağını bildirib:
“İran-İsrail müharibəsi neftin qiymətinə təsir göstərməkdədir. “Brent” və “Azeri Light” markalı neftin də qiymətində artım müşahidə edilir. Müharibədən öncə “Brent” markalı neftin qiyməti 66 dollar idi. Artıq bu qiymət 77 dollardır. Bu, ondan xəbər verir ki, ,dünya bazarında neftin qiymətində nəzərəçarpacaq artım var.
Müharibənin dərinləşməsi, coğrafi baxımdan miqyasının genişlənməsi baş verərsə, bu, neftin qiymətinə təsir göstərəcək.
Bu konteksdə neftin dünya bazarındakı qiymətləri ilə bağlı fərqli proqnozlar mövcuddur. Əgər müharibə davam edərsə, Yaxın Şərqdə müharibənin miqyası genişlənərsə, o zaman qısa vaxtda neftin bir barelinin qiyməti 80 dolları ötəcək.
Azərbaycan neft ixrac edən ölkədir. Neftin dünya bzarındakı qiymətinin yüksək olması Azərbaycana daxil olan valyutanın miqdarını da artırır.
Biz regionda stabilliyin mövcud olmasında maraqlı bir dövlətik. Lakin reallıq ondan ibarətdir ki, region stabil deyil. Yaxın şərqdə konfiliktlərin miqyası genişlənir. Bu isə təbii ki, dnya bazarında strateji məhsulların qiymətinə birbaşa təsir göstərir”.
Seymur ƏLİYEV