RU

"II Ərik Festivalı” və “Aqrar Biznes Festivalı” keçirilib - FOTOLAR

Samux Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Samux rayonunda "II Ərik Festivalı” və “Aqrar Biznes Festivalı” keçirilib.

QHT.az xəbər verir ki, festivalda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, müxtəlif nazirlik və komitələrin məsul şəxsləri, bir neçə ali təhsil müəssisələrinin rəhbərləri, türk dilli dövlətlərin nümayəndələri, yerli və xarici iş adamları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Samux Şəhidləri Abidə Kompleksini ziyarət edən qonaqlar torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarını ehtiramla anıblar.

Daha sonra iştirakçılar Heydər Əliyev mərkəzində Ulu öndərin həyat və fəaliyyətinə dair fotostendlərlə tanış olub, dahi şəxsiyyətin Samux rayonuna səfərləri və zəhmətkeşlərlə görüşlərini əks etdirən fotolara baxıblar.

"II Ərik Festivalı” və “Aqrar Biznes Festivalı” ilə əlaqədər olaraq Samux şəhərinin mərkəzi küçə və prospektləri, park və xiyabanlar bəzədilib, yerli sakinlərin və qonaqların iştirakı ilə bayram paradı təşkil olunub.

Festivalda milli mətbəximizin təamları hazırlanıb, fermerlərin yetişdirdikləri ərik məhsullarının meyvəsi, mürəbbəsi, və şirələrinin təqdimatı olub.

Sənətkarların və satıcıların stendləri,ustad dərslərinin təqdimatı, qol güləşi, uşaqlar tərəfindən milli rəqslər, məktəblilərin əriklə bağlı hazırladığı əl işləri, rəsmlər maraqla izlənilib.

“Aqrar Biznes Festivalı”nda kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar sərgilənib, aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum və dərmanlar nümayiş olunub.

Rəsmi hissədən sonra bayram konserti təşkil olunub. Konsertə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi ərik növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirmək, eyni zamanda destinasiyanın aqroturizm potensialını canlandırmaq, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərməkdir.

 

Избранный
2
4
qht.az

5Источники