RU

Bir-birinə xəyanət edən ər-arvadın sevgisi

Kulis.az Orxan İsmayılovun yeni yazısını təqdim edir.

Sükutun ən dərin, ən sərt olduğu yerlərdə bəzən bir səs ucalır. Elə bir səs ki, boğazda düyünlənmiş olsa da, kəsilmir, susmur. Bahriye Üçokun həyatı məhz o səsin hekayəsidir. Çünki o, sükuta təslim olmayan, sözün ardınca gedən qadın idi. Və həmin söz bəzilərini oyatdı, bəzilərini isə sarsıtdı.

1919-cu ilin mayı... Osmanlı İmperiyası süqutun astanasındadır, hər yanda qaranlığın və ümidsizliyin kölgəsi dolaşır. Elə həmin günlərdə, Qara dənizin fırtınalı sahilində yerləşən Trabzonda bir qız dünyaya gəlir. Ona dənizlə bağlı, dərin və coşqun bir ruh daşıyan “Bahriye” adını verirlər.

Bahriye Üçokun uşaqlığı Atatürk inqilablarının tüğyan etdiyi bir çağda keçir. Amma sonralar o özü də inqilabi dəyişikliklərə yol açacaq fəaliyyətlə yadda qalacaqdı.

Bahriye

O, təhsil həyatına İstanbulun Kandilli Qız Liseyində başlayır. Bu seçim özü belə o dövr üçün cəsarətli bir addım sayılır. Amma onun cəsarəti burada bitmir. Gəncliyində Dövlət Konservatoriyasında opera təhsili alır. Düşünün, gələcəkdə tanınmış ilahiyyatçı və millət vəkili olacaq bir qadının daxili dünyasında Verdi və Puççini vardı.

Bahriye Üçok 1953-cü ildə Ankara Universitetinin İlahiyyat Fakültəsində ilk qadın akademik kimi tarixə keçir. O dövrdə həmin kürsülər bütövlükdə kişilərin sərəncamında idi; Quran, hədis və İslam hüququ kimi mövzularda isə qadınların danışması, demək olar ki, yasaq edilmişdi. Lakin Bahriye bu qadağanları sarsıtdı. Elmi araşdırmaları, zəka və inamı ilə İslam tarixində qadınların mövqeyini yenidən yazdı. “İslamda qadın hökmdarlar” adlı əsəri ilə göstərdi ki, tarix yalnız qadını məhkum edən deyil, eyni zamanda ona liderlik və hakimiyyət rolunu da verən bir sahədir.

Bahriye

Bahriye Üçok hicabın dini məcburiyyət olmadığını elmi dəlillərlə ortaya qoyduqda, bu lal sükut ilk dəfə pozuldu. Yalnız fakültə otaqlarında deyil, küçələrdə də pıçıltılı suallar yarandı: bu qadın nədən danışır? Nəyi sübut etməyə çalışır?

Bahriye Üçok siyasətə təsadüfən deyil, ehtiyacdan dolayı gəldi. 1971-ci ildə senator təyin olunduqda məqsədi aydın idi: qadınların səsini qanunvericilikdə gücləndirmək və eşitdirmək. 1983-cü ildən etibarən millət vəkili kimi fəaliyyət göstərərək, əvvəlcə CHP, daha sonra isə SHP sıralarında qadın hüquqları, təhsil və layiqlik mövzularında qətiyyətli, üsyankar ruhlu çıxışlar etdi. O, parlamentdə çoxlarının dilinə gətirməyə qorxduğu mövzuları açıq şəkildə danışan nadir siyasətçilərdən biri idi.

Televiziya ekranlarında səmimi və təmkinli üz ifadəsi ilə İslamı izah edirdi. 1988-ci ildə yerli televiziya kanallarının birindəki çıxışında islamda örtünmənin və oruc tutmağın vacib buyurulmadığını söyləmişdi. Lakin o təmkinli duruşun arxasında təkcə yaxınlarının bildiyi təzyiq, təhdid və çətinliklər dayanırdı. Hər çıxışı, hər yazısı onu təhlükəyə bir addım da yaxınlaşdırırdı. Amma Bahriye Üçok bütün bunları bilə-bilə susmadı.

1990-cı ildə onun Ankaradakı evinə içində kitab olduğu deyilənbir qutu göndərilir. Bahriye xanım bundan şübhələnsə də, bağlamanı açmağa qərar verir və bunu qapının çölündə edir. Qutu açılan kimi içinə yerləşdirilmiş bomba partlayır.

Ağır xəsarət alan, iki qolu, bir ayağı qopan alim xəstəxanaya yerləşdirilsə də, elə oradaca həyatını itirir.

Bahriye

Beləliklə, Bahriye Üçok bombayla qətlə yetirilir. Amma bu, təkcə fiziki yox, simvolik bir qətl idi. Qaranlıqlar sözün özünü öldürmək istəmiş və əfsus ki, buna nail olmuşdu.

Bu cinayəti "İslami Hərəkət" adlı gizli təşkilat öz üzərinə görürür. Bir nəfər "Cümhuriyyət" qəzetinin ofisinə zəng edərək adıçəkilən təşkilatın üzvü olduğunu və Bahriye Üçoku "yanlış düşüncələrinə" görə öldürdüklərini deyir.

Bahriye

Bahriye Üçokmükəmməl siyasətçi, dini tabularla döyüşən intellektual və qadın hüquqlarının misilsiz müdafiəçisi idi. Onun əsas fəlsəfəsi həyatın hər sahəsində tabulara, diqtələrə qarşı çıxmaqdır.

Избранный
11
kulis.az

1Источники