RU

AZƏRBAYCAN KONSTİTUSİYA REFERENDUMUNA GEDİR Naxçıvanın statusu dəyişdirilir, icra hakimiyyətləri ləğv olunur...

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Zaur Məmmədov: “2025-ci ildə Azərbaycan Konstitusiyası və dövlət idarəetməsi üzrə yeni mərhələyə keçir”

Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi hüquqi və siyasi sistemdə dərin transformasiyanın başlanğıcıdır”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Azərbaycanda Konstitusiya referendumunun keçiriləcəyini bildirən ekspertin sözlərinə görə, qarşıdakı dövrdə planlaşdırılan ümumxalq səsverməsi – referendum, yalnız texniki dəyişiklikləri deyil, dövlətin suverenlik anlayışı, idarəetmə modeli və ərazi-inzibati arxitekturası üzrə strateji dönüşü nəzərdə tutur.

Zaur Məmmədov qeyd etdi ki, referendumun əsas fəlsəfəsi Azərbaycanın post-münaqişə dövründə yeni reallıqları nəzərə alaraq milli hüquqi sistemini xarici hüquq istinadlarından təmizləmək və tam suveren normativ bazaya keçməkdir:

“Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Konstitusiyası sonrakı illərdə - 2002, 2009 və 2016-cı illərdə dəyişikliklərə uğrasa da, bu dəfə planlaşdırılan dəyişikliklər daha genişmiqyaslı və strateji olacaq. Bu dəyişikliklər dövlətin hüquqi sistemini müasirləşdirmək və suveren hüququ gücləndirmək məqsədi daşıyır”.

O bildirdi ki, Konstitusiyaya təklif olunan düzəlişlər 4 əsas faktora əsaslanır:

Post-münaqişə reallıqları – işğaldan azad edilən ərazilərin vahid hüquqi çərçivəyə inteqrasiyası;

Suverenlik anlayışının yenidən tərifi – beynəlxalq müqavilələrə istinadın azaldılması, milli hüququn əsas götürülməsi;

Rəqəmsal dövrün çağırışları – informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə üçün hüquqi mexanizmlərin təkmilləşdirilməsi;

İdarəetmənin modernləşdirilməsi – Prezident və hökumət arasında səlahiyyət bölgüsünün çevikləşdirilməsi.

Zaur Məmmədov vurğuladı ki, Konstitusiyanın 3-cü maddəsinə əsasən referendum xalqın birbaşa iradəsini ifadə edən ali hüquqi vasitədir:

“Bu baxımdan nəzərdə tutulan dəyişikliklərin referendum vasitəsilə həyata keçirilməsi dəyişikliklərə legitimlik qazandırır, eyni zamanda xalqın siyasi proseslərdə iştirakçılığını gücləndirir”.

Onun sözlərinə görə, dəyişikliklər yalnız dövlət idarəçiliyinə deyil, ictimai konsensusa, qərarverici mərkəzlərin legitimliyinə və vətəndaşlarla dövlət arasındakı etimada da ciddi təsir göstərəcək.

Politoloq diqqətə çatdırdı ki, Konstitusiya dəyişiklikləri çərçivəsində Naxçıvan Muxtar Respublikasının statusunda ciddi dəyişikliklər baş verə bilər:

“Çox böyük ehtimalla, “muxtar respublika” ifadəsi “vilayət” anlayışı ilə əvəz olunacaq. Bu, Naxçıvanın müstəqil qanunverici və icra strukturlarının - Ali Məclis və yerli hökumətinin funksiyalarının daralmasına səbəb olacaq”.

Məmmədov deyə bildirib ki, yeni islahat paketi Naxçıvanda yerli icra orqanlarının rəhbərlərinin birbaşa Prezident tərəfindən təyin olunmasını nəzərdə tutur. Bu isə vahid idarəetmə modelinin formalaşması, ərazi idarəçiliyinin mərkəzləşdirilməsi və paralel strukturların aradan qaldırılması baxımından mühüm addım olacaq.

Zaur Məmmədov qeyd etdi ki, 2025-ci ildə regional və yerli idarəetmə sistemində də köklü struktur islahatları planlaşdırılır. Onun sözlərinə görə, icra hakimiyyətləri sovet mirası kimi tarixə qovuşacaq və onların yerini koordinasiya əsaslı dövlət nümayəndəlikləri alacaq:

“Bu dəyişiklik vahid hüquqi məkanın yaradılması, idarəetmədə çevikliyin təmin olunması və hesabatlılıq prinsipinin gücləndirilməsi baxımından önəmlidir”.

Politoloq vurğuladı ki, idarəetmə mexanizmlərinin mərkəzdən vahid şəkildə koordinasiya olunması institusional səmərəliliyi artıracaq, eyni zamanda regionlarda dövlət nəzarətini gücləndirəcək.

Məmmədov deyib ki, konstitusional dəyişikliklər həm də dövlət-vətəndaş münasibətlərində yeni mərhələ yaradacaq:

“Hədəf yalnız struktur dəyişikliklər deyil. Bu, idarəetmədə şəffaflıq, vətəndaş mərkəzli yanaşma və qərarların çevik icrası ilə müşayiət olunan innovativ modelin tətbiqidir”.

O əlavə edib ki, bu dəyişikliklər dövlətin strateji inkişaf xəritəsinə uyğun həyata keçirilir və uzunmüddətli dövr üçün hüquqi-inzibati sabitlik yaradacaq.

Zaur Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu konstitusion islahatlar, Azərbaycanın müasir çağırışlara uyğun idarəetmə sistemini formalaşdırmaq iradəsinin təzahürüdür:

“Bu dəyişikliklər dövlətin suveren hüquqi bazasının gücləndirilməsi, milli idarəetmənin təkmilləşdirilməsi və ictimai legitimliyin dərinləşdirilməsi baxımından fundamental əhəmiyyət daşıyır”.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
azpolitika.info

1Источники