İran və İsrail arasında gedən müharibə dünya iqtisadiyyatını təhdid edirmi?
İyunun 13-dən Yaxın Şərq regionunda başlayan müharibə qlobal iqtisadiyyata da ciddi təsirlər göstərir. Bu müharibə bir sıra iqtisadi ziyanlara səbəbolub ki, bu da dünya bazarlarında qeyri-müəyyənliyi artırır.
İqtisadçı ekspert Arzuman Muradlı hesab edir ki, müharibənin ən mühüm təsirlərindən biri neft və qaz bazarları üzərindədir.
“İran dünyanın əsas neft ixracatçılarından biridir və Fars körfəzində, xüsusilə də Hörmüz boğazında mühüm tranzit yollarının yaxınlığında yerləşir. Dünya neft ticarətinin təxminən 20%-i bu boğazdan keçir. İranın Hörmüz boğazının bağlaması haqqında verdiyi qərar neft tədarük zəncirlərində ciddi pozulmalara səbəb olacaq. Bu da yaxın günlərdə neft qiymətlərinin kəskin artmasına səbəb olacaq. Sözsüz ki, neftin qiymətinin 100 dollardan yuxarı olacağı qaçılmazdır. Bu, dünya miqyasında yanacaq xərclərinin artmasına, logistik problemlərə və ümumi inflyasiya təzyiqlərinə gətirib çıxaracaq.” -deyə Arzuman Muradlı bildirib.
Ekspert hesab edir ki, burada Azərbaycan üçün də bu müharibənin müəyyən təsirləri qaçılmazdır.
“Bir tərəfdən, neft qiymətlərinin artması neft ixracatçısı olan Azərbaycan üçün əlavə gəlir mənbəyi olsa da, devalvasiya qaçılmazdır. Digər tərəfdən, İran Azərbaycanın mühüm ticarət və tranzit tərəfdaşlarından biridir. Tranzit yüklərinin bir hissəsi İran üzərindən Azərbaycana və oradan Rusiyaya daşınır. Müharibənin davam etməsi bu logistik dəhlizlərdə problemlər yarada və idxal məhsullarının qiymətini artıra bilər. Həmçinin, idxal zəncirinin pozulması iqtisadi riskləri artırır.
Yekun olaraq, İran-İsrail müharibəsi ssenarisi dünya iqtisadiyyatı üçün çoxşaxəli və ciddi təhlükələr yaradır. Ancaq arzu edək ki, bu müharibə çox davam etməsin.”- deyə Arzuman Muradlı bildirib.