RU

100 milyona 140 əmlak satılıb “Həqiqətən də hərracda milyonlar dövr edirmiş”

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ədliyyə Nazirliyi son 6 ayda “Elektron Hərrac Portalı” (www.herrac.gov.az) vasitəsilə əldə olunan nəticələri açıqlayıb. 

Hərrac prosesi rəqəmsallaşandan bəri ümumi dəyəri 100 milyon manata yaxın olan 140 əmlak satılıb. Artıq 308 vətəndaş və şirkət bu imkandan yararlanıb.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirir ki, bu yenilik təkcə məhkəmə qərarlarının icrasını sürətləndirməyib, həm də vətəndaşlar üçün yeni imkanlar yaradıb: “Hər bir şəxs bu prosesdə iştirak edə bilər. Bunun üçün sadəcə qeydiyyatdan keçmək, şəxsi kabinet yaratmaq, 15 manat rüsum ödəmək və əmlakın dəyərinin kiçik bir hissəsi qədər beh qoymaq kifayətdir. Hərrac elektron şəkildə, açıq auksion formatında keçirilir. Beh isə sonradan geri qaytarılır”.

Ekspertin sözlərinə görə, əvvəllər bu proses kifayət qədər qapalı idi, nəticələr öncədən müəyyən olunurdu və ictimaiyyət bu satışlardan xəbərsiz qalırdı: “Şəffaflıq və hesabatlılıq demək olar ki, yox idi. Sadə vətəndaşların bu prosesdə iştirak edib uğur qazanması mümkün deyildi”.

O. Gündüz qeyd edib ki, indi isə hərrac elanlarına baxdıqda yüz minlərlə, hətta milyonlarla dəyəri olan əmlakların daha sərfəli qiymətə satışa çıxarıldığı görünür: “Düşünürəm ki, bu prosesi diqqətlə izləyən və iştirak edən şəxslər üçün xeyli uğur əldə etmək mümkündür. Bəzi dairələrdə deyilirdi ki, hərracın rəqəmsallaşmasının qarşısını almaq üçün nazir Fərid Əhmədova təzyiqlər göstərilməyə çalışılıb. Amma görünən odur ki, artıq bu sistem formalaşıb və uğurla işləyir”.

AİF prezidentinin sözlərinə görə, Ədliyyə Nazirliyi hər kəs üçün əlçatan və şəffaf bir satış sistemi qurub. Qaydalara əsasən, hərracı sifariş edən icra məmuru, onun təmsil etdiyi qurumun əməkdaşları, hərrac təşkilatçısı, portalın operatoru və onların qohumları bu prosesdə iştirak edə bilməzlər.

“Bu, vətəndaşlar üçün həm maraqlı, həm də faydalı bir prosesdir. İştirakçılar bazar qiymətindən aşağı əmlak və nəqliyyat vasitələri əldə etməklə ya şəxsi ehtiyaclarını ödəyə, ya da bu əmlakı yenidən satışa çıxararaq gəlir əldə edə bilərlər”, – deyə Osman Gündüz əlavə edib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
azpolitika.info

1Источники