RU

Hikmət Babaoğlu: Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq dəstəyin qazanılması vacib məsələdir

Bu, Azərbaycan dövlətinin İslam Əməkdaşlıq Təşkilatındakı nüfuzuna verilən münasibətdir

21–22 iyun 2025-ci il tarixlərində İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 51-ci sessiyası başa çatıb. Sessiya çərçivəsində “İstanbul Bəyannaməsi” və Azərbaycanın təşəbbüsü ilə təqdim olunan beş mühüm qətnamə qəbul olunub. Sessiyanın əsas diqqət çəkən məqamlarından biri İƏT çərçivəsində ilk dəfə Qərbi Azərbaycan İcmasına dair qətnamənin qəbul olunması olub. “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı sənəddə İƏT üzv dövlətləri azərbaycanlıların ləyaqətli şəkildə öz yurdlarına qayıtmaq hüququna dəstək verib, Ermənistanın bu hüquqları inkar etməsi isə qınanıb. Bununla yanaşı, İstanbul Bəyannaməsində Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə edilən irəliləyişlər alqışlanıb, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olan çağırışların aradan qaldırılmasına dəvət olunub. Digər qətnamələrdə isə Xocalı soyqırımı və digər müharibə cinayətləri pislənib, Azərbaycanın azad edilmiş ərazilərində apardığı yenidənqurma və minatəmizləmə fəaliyyətinə dəstək ifadə olunub. Həmçinin Ermənistanın işğal dövründə İslam mədəni irsinə qarşı törətdiyi vandallıq aktlarına görə məsuliyyət daşıdığı vurğulanıb və Azərbaycanın reparasiya tələbi dəstəklənib. İƏT həmçinin Azərbaycanın iqtisadi bərpası üçün üzv ölkələri və İslam maliyyə institutlarını dəstəyə çağırıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu Sherg.az-a bildirib ki, İƏT-nin Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmasıyla bağlı ideyanı dəstəkləməsi Azərbaycan diplomatiyasının uğurudur:

“Bu, Azərbaycan dövlətinin İslam Əməkdaşlıq Təşkilatındakı nüfuzuna verilən münasibətdir. Qərbi Azərbaycana qayıdış ideyasının ciddi hüquqi, siyasi və tarixi əsasları var. Sözügedən proseslərin hamısı Qərbi Azərbaycan konsepsiyasında mövcuddur. Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq dəstəyin qazanılması və yeni hüquqi bazanın formalaşdırılması vacib məsələdir. Bu məsələyə yalnız İƏT deyil, digər beynəlxalq təşkilatlar da dəstək nümayiş etdirir. Bir müddət öncə Türk Dövlətləri Təşkilatının Parlament Assambleyası da Astanada qəbul etdiyi bəyanatda Qərbi Azərbaycana qayıdışı dəstəkləyib. İstanbulda keçirilən İƏT Xarici İşlər Nazirlərinin görüşündə bu ideyanın, milli məqsəd və vəzifəmizin dəstəklənməsi bir daha göstərir ki, Azərbaycan diplomatiyasının atdığı ardıcıl addımlar və dost ölkələrin göstərdiyi dəstək Qərbi Azərbaycana qayıdış istiqamətində bütün məqsədlərimizə çatacağıq”.
Избранный
12
sherg.az

1Источники