RU

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert keçirilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Vyana, 24 iyun, AZƏRTAC

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Şərq və Qərb bəstəkarlarının yaradıcılığında valsın metamorfozları. Yohann Ştraus – vals və operettanın dünyaşöhrətli kralı” adlı konsert reallaşıb. Tədbir Vyana Bələdiyyəsinin məşhur avstriyalı bəstəkar, dirijor və skripkaçı Yohann Ştrausun (oğul) 200 illik yubileyinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, yubiley konserti “Musiqi sevinc bəxş edir” (“Musik macht Freude - MmF”) Vyana musiqi məktəbi tərəfindən “Culture Meeting Point” Vyana mədəniyyət təşkilatı, Vyana Şəhər Bələdiyyəsi, “Sun Dance Company” rəqs studiyası və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi, musiqi məktəblərinin və Vyana şəhər gimnaziyalarının şagirdlərinin iştirakı ilə təşkil olunub.

Tədbirin girişində “Musiqi sevinc gətirir” musiqi məktəbinin rəhbəri və “Culture Meeting Point” mədəniyyət təşkilatının musiqi rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fərəh Tahirova Yohann Ştrausun Vyana valsının və operettasının formalaşmasındakı roluna toxunub, Şərq və Qərb bəstəkarlarının yaradıcılığında vals janrının yeri və əhəmiyyətini Pyotr Çaykovski, Qara Qarayev, Tofiq Quliyev kimi bəstəkarların balet və valslarından nümunələr vasitəsilə önə çəkib.

Konsert zamanı şagirdlər Y.Ştrausun yaradıcılığı haqqında maraqlı təqdimatlarla çıxış edib, həmçinin bəstəkarın fotoarxivi nümayiş etdirilib. Ştrausun məşhur operettalarından parçalar, onun valsları və “Sun Dance Company” rəqs studiyasının çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

Vyana Musiqi Gimnaziyasının və “Musiqi sevinc bəxş edir” məktəbinin şagirdi, beynəlxalq fortepiano müsabiqələrinin laureatı, istedadlı gənc pianoçu və bəstəkar, Vyana Dövlət Operası xorunun solisti, 14 yaşlı Norbert Ebner konsertdə Azərbaycanın görkəmli bəstəkarı, caz musiqiçisi, saksafonçu, klarnet ifaçısı, 1960–1981-ci illərdə Azərbaycan Televiziyası və Radiosunun Estrada Orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycanın Xalq Artisti Tofiq Əhmədovun “Çiçəklər sevinsin” mahnısını ifa edib.

N.Ebnerin fortepiano ifasını ilk dəfə tanınmış xoreoqraf Lyudmila Detkovanın quruluş verdiyi və “Sun Dance Company” rəqs studiyasının gənc rəqqasələrinin ifasında zərif vals rəqsi müşayiət edib. Mahnının mətni Azərbaycanın tanınmış lirik şairi Nüsrət Kəsəmənlinin sözlərinə yazılıb və bu layihə üçün xüsusi olaraq alman dilinə tərcümə edilib.

Layihənin sonunda bu əsərin orkestr versiyası da müəllifin – Tofiq Əhmədovun rəhbərliyi ilə təqdim olunub. Konsertdə həmçinin 10 yaşlı azərbaycanlı pianoçu Emil Mürşüdov Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş Azərbaycan himnini və Tofiq Quliyevin “Görüş” filmindən məşhur valsı ifa edib. Sonuncu kompozisiya 11 yaşlı Lara Öndərin tərəfindən təqdim edilib.

Tədbirdə Vyanadakı müxtəlif diaspor təşkilatlarının nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, avstriyalı musiqiçilər və alimlər, həmçinin Tofiq Əhmədovun ailə üzvləri iştirak etdilər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
azertag.az

1Источники