RU

XİN: Ermənistan tarixi faktları saxtalaşdırır, sülh prosesinə xələl gətirir

Ermənistan XİN-in “İstanbul Bəyannaməsi” və İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş qətnamələrlə bağlı iyunun 23-də verdiyi əsassız bəyanatı qətiyyətlə rədd edirik. Ermənistanın bu sənədlərin məzmununu təhrif etmək və tarixi faktları saxtalaşdırmaq cəhdi onun sülh prosesinə xələl gətirmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq səylərinin daha bir nümunəsidir.

Bunu Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, İƏT-in qəbul etdiyi qətnamələr, o cümlədən “indiki Ermənistan ərazisindən zorla və sistemli şəkildə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ” adlı qətnamə tarixi faktları əks etdirir və beynəlxalq hüquqa, ədalət prinsiplərinə əsaslanır. Ermənistanın iddialarının əksinə olaraq, azərbaycanlıların indiki Ermənistandan sistemli şəkildə qovulması könüllü deyil, zorakılıq, hədə-qorxu və insan hüquqlarının kobud şəkildə pozulması ilə yadda qalıb. İƏT-in azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməsi Ermənistanın əsassız şəkildə təqdim etdiyi “ərazi iddiası” deyil, ədalətə və onların fundamental hüquqlarının bərpasına çağırışdır.

“Ermənistanın sülhə sadiqlik iddiası onun hərəkətləri ilə uyğun gəlmir. 

İƏT-in Ermənistanı gecikmədən sülh sazişinin imzalanmasına maneələri aradan qaldırmağa çağırması beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda davamlı sabitliyi təmin edən həll üzrə gözləntiləri ilə üst-üstə düşür. 

Ermənistanın İƏT-in prinsipial mövqeyini siyasiləşdirmək və öz hərəkətlərinə görə məsuliyyətdən yayınmaq cəhdləri Azərbaycanı ədalətli və davamlı sülh əldə etmək səylərindən çəkindirməyəcək. Ermənistanı revizionist ritorikasından əl çəkməyə və tarixi məsuliyyətlərini etiraf etməyə çağırırıq”, – deyə Azərbaycan XİN rəsmisi vurğulayıb.

XQ

 

Избранный
18
49
xalqqazeti.az

10Источники