Son dörd ildə ölkədə 475 dövlət standartı qəbul olunub. Eyni zamanda, bu dövrdə 238 standartın dövri yoxlanması aparılıb
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktor vəzifəsini müvəqqəti icra edən, baş direktorun müavini Kəmalə Məmmədzadə Milli Mətbuatın 150 illiyinə həsr olunmuş maarifləndirici seminarda 2021–2024-cü illər üzrə standartlaşdırma sahəsində görülən işlərlə bağlı məlumat verərkən deyib.
O bildirib ki, sınaq laboratoriyalarının akkreditasiyası da genişlənib. 2021-ci ildə 36, 2022-də 68, 2023-də 139, 2024-cü ildə isə 137 laboratoriya təsdiqlənib:
"Yeni laboratoriyalar əsasən kənd təsərrüfatı, tikinti, telekommunikasiya, kimya, ərzaq və digər sahələri əhatə edir. Hazırda normativ sənədlərin dövri yoxlanması və tətbiqi üzrə auditlər də davam etdirilir".
Kəmalə Məmmədzadə həmçinin qeyd edib ki, Azərbaycan beynəlxalq standartlaşdırma qurumları ilə əməkdaşlığı gücləndirib. Ölkə mütəxəssisləri ISO, IEC, CEN, SIMİC və digər beynəlxalq təşkilatların texniki komitələrində təmsil olunurlar.
Bundan əlavə, ISO 9001, 14001, 45001, 26000, 37001 və 22301 kimi idarəetmə sistemlərinin tətbiqi genişləndirilir. Bu standartlar keyfiyyət, ətraf mühit, təhlükəsizlik, sosial məsuliyyət və korrupsiyaya qarşı mübarizə sahələrində səmərəli idarəetməni hədəfləyir.