RU

Mərhəmət kodu: mənəvi proqram

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

IX YAZI

Yaradılışın mərhəmətlə kodlanması

Mərhəmət – insanı insan edən ilkin duyğulardan biridir. Bu hiss nə sonradan öyrənilən, nə də yalnız sosial təcrübə ilə formalaşan davranışdır. O, yaradılışın özündə kodlaşdırılmış mənəvi proqramdır. Biologiya və metafizika arasındakı o incə körpü sanki mərhəmət üzərində qurulub: Genetik irsimizdəki sosial empatiya ilə ruhumuzdakı vicdan arasında gizli bir bağ var.

İbtidai insanın sağ qalması təkcə fiziki gücə deyil, qrup içindəki mərhəmət və dəstəyə bağlı olub. Qocaları tərk etməmək, körpələrə qayğı göstərmək, zərifləri qorumaq – bunlar təkamül prosesində yalnız etik deyil, həm də praktik üstünlük təmin edən davranışlar idi. Beləliklə, mərhəmət, həm də bioloji yaşama kodlarının bir hissəsinə çevrildi.

Etika və kodlanmış vicdan

İnsan yalnız ağılla deyil, vicdanla da yaşayır. Vicdanın özü isə müəyyən mənada etik kodların şüuraltı daşıyıcısıdır. Mərhəmət, əslində, bu kodun ən vacib sətirlərindəndir. O olmadan nə empatiya yaranar, nə də ədalət hissi formalaşar.

Süni intellekt texnologiyalarında etik alqoritmlərin yazılması məsələsi bu günün ən çətin suallarındandır. Robotlara insan kimi “mərhəmət” hissini necə ötürmək olar? Kodlaşdırıla bilən etik sistemlərdə bu hiss necə təqlid edilə bilər? Burada vacib olan yalnız davranışın simulyasiyası deyil, niyyətin – yəni daxili vicdanın – formalaşdırılmasıdır. Bu isə süni şəbəkələrin deyil, yalnız insanın malik olduğu bir üstünlükdür.

Öz-özünü tərbiyə – mərhəmətlə doğulmaq

Mərhəmət həm də öz-özünə tərbiyə yoludur. İnsan həyatında ən dərin dəyişikliklər əksər hallarda mərhəmətin başqasına yox, özünə yönəldiyi məqamlarda baş verir. Öz zəifliyini anlayan, keçmişindəki səhvlərə mərhəmətlə baxan insan gerçək dəyişimin astanasına çatır.

Bəşəriyyət tarixində dini və fəlsəfi məktəblərin ən ali çağırışları da bu hissə yönəlib: Bağışlamaq, anlamamaqdan qorxma, sevgi ilə yanaşmaq. Bu, sadəcə humanist ideya deyil, insanın daxili kodunda yerləşən yenilənmə sistemidir.

Mərhəmət kodunu unutmuş cəmiyyətlər isə ya texnokratik qəddarlığa yuvarlanır, ya da parçalanır. Texnologiya nə qədər inkişaf etsə də, etik yaddaş silinərsə, varlıq mənasını itirər. Ona görə də mərhəmət – həm fərdin, həm də bəşərin yaşamaq üçün yazılmış mənəvi proqramıdır.

Oğuz Arif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
xalqqazeti.az

2Источники