Milli Məclis dövlət qulluqçularının reyestrinin aparılması qaydasının pozulmasına görə cərimələrin müəyyənləşməsini ilk oxunuşda qəbul edib.
Missiya.Az xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, layihəyə əsasən, dövlət qulluqçularının reyestrinə səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil edilməli olan məlumatların qanunvericiliklə müəyyən edilmiş müddətdə daxil edilməməsinə və ya məlumatlarda dəyişiklik edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş inzibati xətanın inzibati tənbeh almış səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.
Sənəddə vurğulanıb ki, “səlahiyyətli vəzifəli şəxs” dedikdə dövlət orqanının (qurumunun) Dövlət qulluqçularının reyestrində qeydiyyatdan keçmiş və müvafiq hüquqlar verilmiş məsul şəxsləri nəzərdə tutulacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.