Pravda.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Şərqdə müsəlman - türk aləmində ilk respublikanı bizim babalarımız 1918-ci ildə 28 mayda yaradıblar. Bir ay keçməmiş 26 iyun Silahlı Qüvvələrin yaranma günü kimi tarixə düşdü. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu yaradıldı. Ordu Gəncədən başlayaraq Bakıya qədər döyüş yolu keçdi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncə idi. Bakı erməni-bolşevik işğalı altında idi. Ordumuza Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Xosrov bəy kimi şəxsiyyətlər rəhbərlik edib və cəsarətli, məğrur generalların yaratdığı ordu olub. Qarabağ istiqamətində qələbələr əldə etmişdik, təəssüf ki, AXC-nin ömrü qısa oldu, 72 minlik sovet ordusu Azərbaycanı işğal etdi. Qeyri-bərabər döyüşdə 350 nəfərlik heyət həlak oldu. Azərbaycan sərhədinə sovet ordusunu buraxmamaq üçün 350 nəfər sona qədər döyüşdü. Ordunun böyük hissəsi Qarabağda ermənilərin çıxardıqları üsyanları yatırmağa getmişdi. Tarix təkrar olunurdu. Ermənistan sərhədində, Qarabağda, Zəngəzurda üsyanlar çıxmışdı… Müasir dövrdə Azərbaycanda ordu quruculuğu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1969-cu ildə hakimiyyətə gələndən sonra 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaratdı. Bu gün ordumuzun yüksək rütbəli zabitləri məhz Naxçıvanski adına hərbi liseyin məzunlarıdır. 1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqillik qazanmasına baxmayaraq 9 oktyabrda ordu yaradıldı, ancaq ayrı-ayrı könüllü batalyonlardan ibarət idi. Yenə Ermənistan işğalı var idi. Bu dəfə sovet Rusiyasının dəstəyi ilə ermənilər Azərbaycan torpaqlarını işğal edirdilər. Azərbaycanda xalq səfərbər olunmuşdu, özü döyüşürdü, şəhid verirdi. Vahid komandanlığa əsaslanan nizami ordu yaradılmamışdı. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev həm dövlət, həm də ordu quruculuğuna başladı. Azərbaycanın Konstitusiyasını, ordumuzun maddi texniki, hüquqi bazasını yaratdı, kadrlar hazırlatdı, ali hərbi məktəblər gücləndi, hərbi akademiya, təlim-tədris mərkəzi yaradıldı. Çavuş, gizir hazırlığından tutmuş ali zabit hazırlığına qədər kadrların yüksək səviyyədə hazırlanmasına xüsusi önəm verildi. Bu istiqamətdə qardaş Türkiyənin böyük təcrübəsindən istifadə edildi. Türkiyə silahlı qüvvələri də Azərbaycanda nizami ordu quruculuğuna böyük dəstək oldu. Ulu öndər Heydər Əliyev cəbhədə atəşkəs əldə etdi, Ermənistanın böyük hücumlarının qarşısını aldı. Füzuli istiqamətində 1994-cü ilin yanvar ayı böyük uğur qazanıldı. Xatırladım ki, 2020-ci ildə 27 sentyabrda da ordumuz uğuru məhz bu istiqamətdə əldə etdi. Bütün sahələrdə Ulu Öndərin varisliyi davam etdiyi kimi məhz əkshücumun Qarabağın hansı istiqamətindən olacağını da Ulu Öndər 1994-cu ildə müəyyən etmişdi. Azərbaycan bu yolla getdi və qalib gəldi”.
Bu sözləri Pravda.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
O bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu yüksək səviyyədə davam etdirilib: “Hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən çox oldu, ordumuz müasir silahlarla təmin edildi. Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Həm Müdafiə Nazirliyi, həm Dövlət Sərhəd Xidməti, həm də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hər cür maddi texniki baza, yeni hərbi hissələrin yaradılması, zabitlərin mənzillərlə təmin edilməsi, davamlı olaraq əməkhaqqının artırılması, sosial şəraitin yaxşılaşdırılması istiqamətində addımlar atıldı. Şəhid ailələrinə, müharibə əlillərinə mənzillər verildi. Bu istiqamətdə ölkə başçısının rəhbərliyi ilə sistemli, ardıcıl addımlar atıldı. 2016-cı ilin aprel ayında Ermənistanla qarşıdurmada ermənilərə böyük dərs verildi. Aprel döyüşləri ruhumuzun qələbəsi idi. 2018-ci ildə Naxçıvan istiqamətində Kərki əməliyyatı da Ordumuzun zəfəri idi. 2020-ci ildə baş verən 44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyü, 2021-ci ilin 19-20 sentyabrında isə bir gündə suverenliyimiz bərpa olundu. Azərbaycan ordusunun, dövlətinin gücünün göstəricisi ordu-xalq birliyi idi. Dünyada son dövrlərdə belə hadisə olmayıb, İkinci Dünya müharibəsindən bəri - BMT yaradılandan bu günə qədər həm hərbi, həm də diplomatik cəbhədə ard-arda qazanılan möhtəşəm qələbələr əldə edilməyib. Təkcə Azərbaycan dövləti, Azərbaycan ordusu bu qələbəni əldə edib. Hər kəs ordumuzla qürur duyur. 26 İyun - Silahlı Qüvvələr Günü şəhid ailələrinin, müharibə əlillərinin, veteranların bayramıdır. Məhz xalqımızın bayramıdır! Təsadüfi deyil, yeganə peşə bayramıdır ki, 26 İyunu bütün xalq bayram günü kimi edir. Həmin gün qeyri-iş günüdür. Təqvimimizdə bütün bayramlar var idi, təkcə Zəfər Günü yox idi, 8 Noyabrı Azərbaycan ordusu öz qanı, canı ilə xalqımıza bunu bəxş etdi. Mən də Azərbaycan ordusunun zabiti olmağımla qürur duyuram. Başda Ali Baş Komandanımız, şəhid ailələrimiz, qazilərimiz olmaqla bütün ehtiyatda olan hərbçiləri, zabitləri təbrik edirəm. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi ordunun mənsubu olmaq qürurvericidir. Eşq olsun - ordumuza, xalqımıza!” — ekspert bildirib.
Aytəkin Qardaşova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.