RU

ABŞ - İran müharibəsi manata da təsir göstərir...


Əkrəm Həsənov: “Son zamanlar Amerika valyutası digər valyutalara nisbətən ucuzlaşıb, ancaq bizdə üzən məzənnə sistemi deyil”

İsrail-İran qarşıdurmasının uzanması tək region deyil, Avropa və ABŞ üçün də ağır nəticələrə səbəb olub. Son günlər ABŞ və İran arasında artan gərginlik beynəlxalq maliyyə bazarlarında dalğalanmalara səbəb olub. Xüsusilə, dolların məzənnəsində müşahidə olunan dəyişikliklər bir sıra ölkələrin milli valyutalarına təsir göstərib.

Maraqlıdır, ABŞ-İran gərginliyi və dolların dəyişkən məzənnəsi Azərbaycan manatına necə təsir edə bilər?

“Azərbaycanın milli valyutasının məzənnəsi dollara deyil, avroya nisbətdə ucuzlaşıb, bunu heç kəs demir…”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünyada baş verən son hadisələr əsnasında gözlənti var idi ki, neftin qiyməti kəskin artacaq. Münaqişənin ilk günlərində neftin qiyməti yüksəldi, ancaq sonradan düşdü: “Neftin qiyməti artsaydı, Azərbaycanın valyuta ehtiyatı arta bilərdi. Məlumdur ki, bizim dünyaya satdığımız yalnız neft və qazdır. Son zamanlar Amerika valyutası digər valyutalara nisbətən ucuzlaşıb, ancaq bizdə üzən məzənnə sistemi deyil. Azərbaycan valyutasının məzənnəsini bazar müəyyən etmir, inzibati yolla müəyyən edilir. Yəni ölkədə məzənnə bazar şərtlərinə deyil, Mərkəzi Bank və hökumətin müəyyən etdiyi inzibati çərçivəyə əsaslanır. Bu baxımdan da milli valyutanın məzənnəsi sabitdir. Dolların digər valyutalara nisbətən ucuzlaşması manata elə də təsir etməyəcək. Ancaq Azərbaycanın milli valyutasının məzənnəsi dollara deyil, avroya nisbətdə ucuzlaşıb. Bunu heç kəs demir, ancaq dolları müzakirə edirlər. Bunun da səbəbi onunla bağlıdır ki, milli valyuta daha çox dollara bağlanıb”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Donald Trampın apardığı qeyri-müəyyən siyasətin nəticəsində məzənnə dəyişikliyi tez-tez baş verir: “İsrail-İran münaqişəsi Azərbaycan manatına elə də təsir etməyəcək. ABŞ-İran gərginliyi fonunda enerji bazarında qiymət artımı müşahidə olunur. Bu da ölkə üçün kifayət qədər komfortlu qiymət səviyyəsi hesab edilir”.

Günel CƏLİLOVA

Избранный
17
baki-xeber.com

1Источники