RU

İş təklifinə “hə” deməzdən əvvəl bu nüanslara diqqət edin - SƏHƏR OXUSU

Yeni iş axtarışına çıxarkən yalnız maaş və vəzifə adı ilə kifayətlənmək olmaz. Hər bir namizədin şəxsi məqsədləri və həyat tərzinə uyğun iş tapması üçün şirkət dəyərləri, iş mühiti, karyera imkanları və balanslı həyat kimi bir çox mühüm amillər nəzərə alınmalıdır. İş axtararkən, hər namizədin fərqli istəkləri olsa da bəzi diqqət edilməli məqamlar var ki, onlara diqqətdə saxlamaq vacibdir. 

Valyuta.az iş axtaranların diqqət etməli olduqları 13 əsas meyarı qeyd edir.

Bu kriteriyaları qiymətləndirməklə siz həm şəxsi ehtiyaclarınıza, həm də peşəkar məqsədlərinizə uyğun iş tapmaq şansınızı artırmış olarsınız.

1. Şirkətin tarixi və sabitliyi

Şirkətin neçə ildir fəaliyyət göstərdiyi, genişlənib-genişlənmədiyi, tez-tez ixtisarlar edib-etmədiyi kimi məlumatlar, iş yerinin sabitliyi barədə fikir verir. Əgər siz ailəli və uzunmüddətli sabitlik axtaran namizədsinizsə, böyümə meyilli, sektorda nüfuzlu və müsbət reputasiyaya malik şirkətləri seçməyə üstünlük verin.

2. Şirkət dəyərləri

İşiniz daha mənalı və motivasiyalı ola bilər, əgər şirkət dəyərləri şəxsi prinsip və məqsədlərinizlə üst-üstə düşürsə. Şirkətin missiyası, sosial layihələrdə iştirakı və cəmiyyətə töhfəsi kimi nüanslara diqqət edin.

3. İşin yerləşdiyi yer və yol məsafəsi

Gündəlik işə gedib-gəlmək üçün sərf etdiyiniz vaxt və xərclər sizin ümumi həyat keyfiyyətinizə təsir edir. Tıxac, nəqliyyat xərcləri və yolun ailə və şəxsi həyatınıza təsiri barədə real dəyərləndirmə aparın.

4. İş saatları və çeviklik

Standart iş həftəsi neçə saatdır? Həftəsonu və bayram günlərində iş olurmu? Artıq saatlar necə hesablanır? Bu suallar iş və şəxsi həyat arasında balans yaratmağınız üçün vacibdir.

5. Maaş

İşə başlamazdan əvvəl büdcənizi dəyərləndirin və ehtiyaclarınıza uyğun minimum maaş həddini müəyyənləşdirin. Müqayisə etdiyiniz vəzifələr üçün bazar maaş səviyyəsini araşdırın ki, effektiv maaş danışıqları apara biləsiniz.

6. Sosial təminatlar və üstünlüklər

Təkcə maaş yox, sığorta, təqaüd planı, məzuniyyət günləri, xəstəlik icazələri, iş yerində endirimlər və relokasiya dəstəyi kimi əlavə faydaları da müqayisə edin.

7. Vəzifə öhdəlikləri

İş təsviri sizin bacarıq və təcrübənizlə nə dərəcədə uyğun gəlir? Komanda daxilində yoxsa təkbaşına işləməlisiniz? Qərarvermə məsuliyyəti sizə uyğundurmu? Bunları əvvəlcədən müəyyənləşdirin.

8. Texnoloji imkanlar

İşə qəbuldan əvvəl hansı texniki avadanlıqları (noutbuk, proqram təminatı, mobil cihazlar) işəgötürən təmin edir və sizdən nə tələb olunur – bu haqda aydınlıq gətirin.

9. Karyera inkişafı və yüksəliş imkanları

Xüsusilə karyeranın ilk illərində öyrənmək və irəliləmək üçün imkanlar olan vəzifələrə üstünlük verin. Təlimlər, sertifikat proqramlarının dəstəklənməsi və yeni bacarıqlar üçün şərait mühümdür.

10. Qiymətləndirmə və motivasiya

İşçilərin uğurları necə tanınır? Bonuslar, illik mükafatlar və ya performans əsaslı təşviqlər varmı? Əməkdaşların tanınması iş motivasiyasını gücləndirir.

11. İş-həyat balansı

Uzunmüddətli sağlamlıq və psixoloji rifah üçün balanslı həyat vacibdir. İşəgötürənin evdən işləməyə, məzuniyyət və xəstəlik günlərinə yanaşması sizin həyat ritminizə uyğun olmalıdır.

12. İş mühiti və korporativ mədəniyyət

Kiçik komandada işləməyi sevirsiniz, yoxsa korporativ mühitə üstünlük verirsiniz? Müsahibə zamanı ofisin atmosferinə və işçilərin davranışına diqqət edin.

13. Gələcək iş yoldaşlarınız

Komandada kimlərlə işləyəcəyinizi, rəhbərliklə münasibətlərin necə olduğunu və ümumi əməkdaşlıq ruhunu öncədən araşdırın. Əgər şirkətdə çalışan tanışınız varsa, mühitlə bağlı ondan fikir alın.

Sərvanə Rəmixanova

Избранный
28
valyuta.az

1Источники