Zaur Cəlilov "LUKOYL-Azərbaycan"ın baş direktoru təyin olunub
Zaur Cəlilov "LUKOYL-Azərbaycan"
QSC-nin baş direktoru təyin olunub.
Rusiyanın "LUKOİL”
şirkətinin məlumatına əsasən, 2019-cu ilin oktyabrın 25-də "LUKOİL-Azərbaycan”
QSC-nin yeni baş direktoru təyin olunan Zaur Cəlilov bundan öncə LUKOIL Italia
S.r.l. (Roma) şirkətində Kommersiya məsələləri üzrə menecer vəzifəsində işləyib.
Zaur Cəlilov yeni vəzifədə
Aydar Abdullini əvəz edib. Öz növbəsində Abdullin isə "LUKOİL-Trans"
MMC-yə baş mühəndis vəzifəsinə təyinat alıb.
Qeyd edilib ki,
yeni təyinatlar "LUKOİL” PSC-nin şəxsi heyətin idarə olunması törəmə müəssisə rəhbərlərinin
kadrların rotasiyası praktikasına əsasən aparılıb.
Yeni baş direktorun
təyin olunması "LUKOİL-Azərbaycan” QSC-nin fəaliyyətinin təkmilləşdirilməsinə və
şirkətin "LUKOİL” Qrupunun standartlarına tam uyğunlaşdırılmasına hədəflənib.
Qeyd edək ki, Zaur
Cəlilov Azərbaycan Dövlət Neft Akademiyası və Milan Dövlət Universitetində
magistratura üzrə təhsil alıb.
"LUKOIL” Qrupu Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir
və hazırda ölkə ərazisində iki törəmə müəssisə ilə təmsil olunur.
Şirkət "Şah-Dəniz”
və "Cənubi Qafqaz Boru Kəməri” layihələrində 10%-lik paya malikdir. Bundan
başqa, şirkət neft məhsullarının pərakəndə satışı bazarında "LUKOİL” brendi
altında fəaliyyət göstərir.