RU

Olan Ukraynaya oldu: “Savaş hələ bir müddət də davam edəcək və sonda…”

“Bu müharibə qarşısında nəinki 2027-ci ilə qədər, hətta on illiklərlə Rusiya iqtisadiyyatının tab gətirməsi mümkün görünür. Ərazisinə görə dünyada birinci sırada qərarlaşan şimal qonşumuz daxili iqtisadiyyatına görə də çox güclüdür, təbii sərvətlərinə görə dünyanın əsas zəngin ölkələrindən biri sayılır. Təsadüfi deyil ki, ötən il Rusiya iqtisadiyyatı 4,3% böyüyüb. Təsəvvür edin ki, ağır savaş aparan bir ölkənin iqtisadiyyatında bu faiz nisbətində artım müşahidə olunur. 2023-cü illə müqayisədə irəliləyiş var. Bunu BMT öz rəqəmlərində də təsdiq edib”.

Bunu Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı deyib.

Onun sözlərinə görə, Avropa həm də rus qazından böyük ölçüdə asılıdır:

“Buradan gələn gəlirlər də Rusiya iqtisadiyyatının artımına səbəb olan amillərdən biridir. Görünən odur ki, müharibənin davam etdiyi 3 ildən artıq zamanda Avropa bu asılılığı aradan qaldıra bilmədi. NATO ölkələri də artıq getdikcə bunu yaxşı anlamağa başlayırlar və savaşın bitməsində son zamanlarda maraqlı görünürlər. Hər halda Ukraynaya edilən yardımların azalması və yaxud ediləcək yardımlarda tərəddüdlərin olması bunu deməyə əsas verir. NATO artıq bu savaşı bir neçə il aparmaqda istəkli görünmür. Çünki, resursların tükənməsinin hələ Kreml üçün tez olduğunu yaxşı görürlər. Bir fakt da burada ondan ibarətdir ki, Qərb Rusiya-Ukrayna savaşını bitirməkdə hələ sanki gücsüz görünür. Burada pərdəarxası plan da ola bilər, yəni Rusiyanı zəiflətmək üçün müharibənin bir qədər də davam etməsi oyunu…Amma istənilən halda hələ ki, bu cəbhədə üstünlük Rusiya tərəfindədir və bu gün razılıq əldə olunsa, məğlub tərəf Ukrayna və Qərb müttəfiqləri görünəcək. Putin də bunu anlayır və səbrlə müharibəni aparır. Yorulan tərəf isə görünən odur ki, Qərb müttəfiqləridir. Trampın ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonrakı davranışları bunu deməyə əsas verir. Rusiya-Ukrayna savaşı hələ bir müddət də davam edəcək və sonda Avropanın qabaqcıl ölkələri Ukrayna rəhbərliyini masa ətrafına dəvət edəcək. Zatən burada başqa yol da görünmür. Hər zaman dediyimiz fikri bir daha təkrarlayaq, sonda olan Ukraynaya oldu…”.

//Gülnarə Abasova, Editor.az

Избранный
9
editor.az

1Источники