RU

Neftçalada Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Neftçala Olimpiya İdman Kompleksində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə tədbir təşkil olunub.  

"Unikal" xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, “Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Qarabağ döyüşlərində xüsusi təyinatlı Kəşfiyyat taborunun keçmiş komandiri, ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Xətai Baxışov, Xüsusi Dövlət Mühafizə Xidmətinin “A” Xüsusi Təyinatlı Dəstəsinin keçmiş komandiri, ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı’ ordeni ilə təltif olunmuş Hikmət Ağayev, kapitan, xüsusi təyinatlı taborun qərargah rəisi, II qrup Qarabağ əlili Şəmsəddin Qurbanov, Rayon Ağsaqqallar Şurasının üzvü, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə şəhər mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər Abidə Kompleksi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb, onların əziz xatirələri ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbirdə çıxış edərək tədbir iştirakçılarını, hərbçiləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, bu tarixin dövlətçiliyimizin formalaşmasında və milli həmrəyliyin möhkəmlənməsindəki rolunu vurğulayıb. RİH-nin başçısı qeyd edib ki, 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk milli ordu qurulub və bu ənənə bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müasir və güclü Azərbaycan Ordusunun timsalında davam etdirilir. Dövlətimizin hərbi gücü gündən-günə artır, ordumuz ən müasir texnika ilə təchiz olunur, əsgərlərimiz yüksək hazırlıq səviyyəsində vətənə xidmət edir.

RİH-nin başçısı çıxışı zamanı Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqdan və əldə etdiyi parlaq Zəfərdən bəhs edərək  bildirib ki, bu Qələbə ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam şəkildə təmin etməklə yanaşı, xalqımızın qürur mənbəyinə çevrilib. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tarixə qızıl hərflərlə yazılan bir qəhrəmanlıq dastanı yaratdı. Xalq-iqtidar-ordu birliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu, tarixi ədalət bərpa edildi. Bu zəfərin memarları Azərbaycan əsgəri, zabiti və şəhidlərimiz oldu. Biz bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə can sağlığı arzulayırıq.

Dövlətimiz tərəfindən hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yüksək peşəkarlığın təmin edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğının davamlı xarakter daşıdığını qeyd edib, onların hər zaman cəmiyyətin ən hörmətli təbəqəsi olaraq xüsusi ehtiramla anıldığını bildirib.

Tədbirdə çıxış edən digər natiqlər - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, “Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Qarabağ döyüşlərində xüsusi təyinatlı Kəşfiyyat taborunun keçmiş komandiri, ehtiyatda olan polkovnik Xətai Baxışov, Xüsusi Dövlət Mühafizə Xidmətinin “A” Xüsusi Təyinatlı Dəstəsinin keçmiş komandiri, ehtiyatda olan polkovnik Hikmət Ağayev, kapitan, xüsusi təyinatlı taborun qərargah rəisi, II qrup Qarabağ əlili Şəmsəddin Qurbanov, Rayon Ağsaqqallar Şurasının üzvü, ehtiyatda olan hərbçi  Mustafa Əliyev, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun atası Vidadi İsmayılov ordumuzun keçdiyi şərəfli yol haqqında fikirlərini bölüşüb, Azərbaycan gəncliyinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin önəmini vurğulayıblar. Qeyd olundu ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri kimi tanınır və bu  hər bir Azərbaycan vətəndaşı üçün fəxr mənbəyidir.
Çıxış edənlər bir daha ölkə rəhbəri, Müzəffər Ali baş Komandan İlham Əliyevə Silahlı Qüvvələrin formalaşdırılması və inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu tədbirin Azərbaycan xalqının ordusuna olan sevgisini, dövlətinə və Konstitusiyasına sadiqliyini bir daha nümayiş etdirdiyini xüsusi vurğuladılar.
Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi əməkdaşlarının təqdim etdikləri vətənpərvərlik ruhunda musiqi nömrələri ilə davam edib. 

Sonda xidmət və vəzifə borcunu layiqincə yerinə yetirən bir qrup hərbi qulluqçuya və “Şahin” və “Sərhədçi” hərbi-idman oyununun zona yarışlarında rayonumuzu layiqincə təmsil edən komandalara Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Təşəkkürnamələr təqdim olundu və tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkildi.

Избранный
4
34
unikal.az

10Источники