RU

Bələdiyyələrdə nöqsanlar ört-basdır edilə bilməyəcək - vahid məlumat sistemi nədir…


Milli Məclisin ötən iclasında "Bələdiyyələrin statusu haqqında" qanuna dəyişiklik olunması ilə bağlı qanun layihəsi III oxunuşda qəbul edilib. Yeniliyə əsasən, Azərbaycanda bələdiyyələrin vahid informasiya sisteminin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, bu sistem dövlət informasiya sistemidir. Bu sistemdən sorğu əsasında əldə edilən və həmin informasiya sisteminə ötürülən məlumatların dairəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyələşdirir.

Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş məbləğdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilir.

Maraqlıdır, bələdiyyələrin vahid informasiya sisteminin yaradılması bələdiyyələrin fəaliyyətinə necə təsir edəcək?

Elvin Abbasov: “Bələdiyyələr vətəndaşlar haqqında məlumat almaq üçün hər sorğuya görə ödəniş etməli olurdular, ancaq…”

İKT eksperti Elvin Abbasov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, indiyə qədər bələdiyyələr vətəndaşlar haqqında məlumat almaq üçün hər sorğuya görə ödəniş etməli olurdular. Çünki dövlət informasiya sistemlərinə çıxış üçün hüquqi əsasları yox idi. Bu isə illərlə davam edən qanunsuz praktikanın nəticəsi idi: “Lakin bu müsbət texniki addımın içində yer alan “vahid informasiya sistemi” anlayışı haqlı narahatlıq doğurur. Əgər bələdiyyə yerli özünüidarəetmə subyektidirsə, necə olur ki, vahid, yəni mərkəzləşdirilmiş sistemə inteqrasiya olunur?

Bu yanaşma həm Azərbaycan Konstitusiyasına, həm də bələdiyyələrin statusuna dair beynəlxalq prinsiplərə uyğun gəlməyə bilər. Şəffaflıq və hüquqi çıxış imkanları artırılmalıdır, amma bu, bələdiyyələrin mahiyyətini zəiflətmək hesabına olmamalıdır. Məqsədəuyğun olan hər bir bələdiyyənin müstəqil informasiya sistemi yaradaraq “digital bridge” vasitəsilə qoşulmasının təmin edilməsidir”.

Vüqar Tofiqli: “Vahid informasiya sisteminin yaradılması bu sahənin inkişafına stimul verə biləcək”

Bələdiyyə eksperti Vüqar Tofiqli “Bakı-Xəbər”-ə açıqlamasında qeyd etdi ki, vahid informasiya sisteminin yaradılması bu sahənin inkişafına stimul verə biləcək: “Vahid informasiya sisteminin tətbiqi neqativ halların qarşısının alınmasına, idarəetmədə şəffaflığın təmin olunmasına və nəticə etibarilə bələdiyyələrin büdcə gəlirlərinin artmasına müsbət təsir göstərəcək. Bu proseslər bələdiyyələrin institusional inkişafı istiqamətində atılmış mühüm addımlardır və bu baxımdan pozitiv qiymətləndirilməlidir”.

Günel CƏLİLOVA

Избранный
13
baki-xeber.com

1Источники