RU

"İranın nüvə proqramına ciddi zərər vurulub, amma tam ləğv olunmayıb" - Mərkəzi Kəşfiyyat İdarəsi

 
"Trampın iddiaları, kəşfiyyatın şübhələri və İranın itkiləri..."
 
İyunun 22-də ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə endirdiyi zərbələr qlobal gündəmi dəyişib. Rəsmi Vaşinqton bu hücumları "həlledici qələbə", prezident Donald Tramp isə hətta "Xiroşima və Naqasakidəki kimi dönməz məqam" adlandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentıiyi məlumat yayıb. 
 
Nəşr qeyd edir ki, lakin gerçəklik bu bəyanatlardan qat-qat mürəkkəbdir - ABŞ kəşfiyyatı, beynəlxalq müşahidəçilər və hətta Tehran özü də etiraf edir ki, İranın nüvə proqramı məhv edilməyib, sadəcə "ciddi şəkildə zədələnib".
 
Tramp "tam məhv"dən danışır, kəşfiyyat "vaxt udulub" deyir
 
Mübahisə ilk növbədə ABŞ daxilində başlayıb. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff zərbələrin İranın nüvə infrastrukturuna ciddi zərər vurduğunu təsdiqləsə də, proqramın tam ləğv olunduğu fikrini təkzib edib. Onun sözlərinə görə, əsas obyektlərin bəziləri sıradan çıxarılıb və bərpası illər çəkəcək.
 
Lakin Retkliff bu zədələrin İranın nüvə silahına aparan yolunu tam dayandırmadığını vurğulayıb. Pentaqonun daxili qiymətləndirməsi də bu yöndədir - "mülayimdən ağıradək" səviyyəsində zərər və "bir neçə ay gecikmə". Bu, Trampın "onilliklər geriyə atıldılar" bəyanatına ziddir.
 
İranın etirafı və kompensasiya tələbi
 
 
İran rəsmi olaraq ilk dəfə olaraq nüvə obyektlərinin "sərt şəkildə zədələndiyini" qəbul edib. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bu hücumları təkcə hərbi yox, həm də beynəlxalq hüququn, o cümlədən nüvə silahlarının yayılmaması müqaviləsinin pozuntusu adlandırıb. Tehran bu məsələni BMT-də qaldırmağa və Vaşinqtondan kompensasiya tələb etməyə hazırlaşır.
 
Ən çox zərər görən obyektlərdən biri uranın zənginləşdirildiyi və metal halına gətirildiyi İsfahan zavodudur. İsrail rəsmiləri bu obyektin "tamamilə məhv edildiyini" iddia etsələr də, bəzi müşahidəçilər İranın analoji fəaliyyət üçün gizli alternativ obyektlər saxladığını istisna etmir
 
İsrailin səssiz əməliyyatı: alimlər hədəfdə
 
ABŞ-İsrail əməkdaşlığı yalnız bombalarla məhdudlaşmayıb. Müharibə zamanı İsrailin xüsusi xidmətləri İranın hərbi nüvə proqramında çalışan 11 aparıcı nüvə fizikini - doqquzu ilk hücum dalğasında, digərləri isə sonrakı günlərdə öldürüb. Bu alimlərin bir qismi silah dizaynı üzrə işlərə bilavasitə cəlb olunmuşdu. Bu kadr itkiləri İranın proqramına bəlkə də infrastruktura vurulan zərbələrdən daha çox zərər yetirib.
 
Vaşinqtondan ultimatum: ya təslim olun, ya yeni hücum olacaq
 
ABŞ administrasiyası yeni danışıqlara başlamaq üçün İrana üç şərt irəli sürüb:
 
- Uran zənginləşdirilməsinin tamamilə dayandırılması;
 
- Mövcud zənginləşdirilmiş uranın ABŞ-a təhvil verilməsi;
 
- Gələcək raket proqramının sərt şəkildə məhdudlaşdırılması.
 
Bu şərtlər mahiyyətcə ultimatumdur və aydındır ki, Vaşinqton və Təl-Əviv hələ də İranın gizli uran ehtiyatlarının mövcudluğuna inanır. Bu uranın "çirkli bomba" düzəltmək üçün istifadə edilə biləcəyindən ehtiyatlanılır.
 
Təxirə salınmış, amma bitməyən müharibə
 
Trampın diplomatik səyləri nəticəsində 12 günlük müharibədən sonra atəşkəs əldə olunsa da, sülh son dərəcə kövrəkdir. Hər iki tərəf razılaşmanı yalnız qarşı tərəf onu pozmadığı müddətcə qüvvədə saxlayır. ABŞ isə bu müharibədən həm nüvə proqramına zərbə vuraraq, həm də diplomatik səhnədə mövqe qazanaraq çıxdığını düşünür.
 
Ancaq reallıq daha ayıqdır: İran hələ tam təslim olmayıb. Onun nüvə ambisiyası məhv edilməyib, sadəcə ləngidilib. İrəlidə danışıqlar, razılaşmalar və bəlkə də yeni toqquşmalar var. Və bu dəfə dünyanın gözü daha çox kəşfiyyat hesabatlarında, az söz və daha çox sübut tələb edən reallıqlarda olacaq.
Избранный
67
50
moderator.az

10Источники