RU

"Azərbaycanfilm"də olan yanğının şahidləri: "Yer silkələndi, elə bildik, zəlzələ oldu" - REPORTAJ

BAKI, 27 iyun. TELEQRAF

İyunun 26-da axşam saatlarında Yasamal rayonunda yerləşən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində pirotexniki vasitələr saxlanılan anbarında partlayış baş verib.

Teleqraf-ın əməkdaşları bu gün hadisənin baş verdiyi ərazidə olublar.

Kinostudiyanın mühafizəçiləri hazırda hadisə ilə bağlı araşdırma aparıldığını, əraziyə heç kimin buraxılmadığını bildiriblər.

Əməkdaşlarımız girişdə kinostudiyanın bir neçə işçisi ilə həmsöhbət olublar.

Onlardan biri 43 ildir kinostudiyada çalışdığını bildirib: “Bu gün qeyri-iş günüdür, ancaq iş yerinə baş çəkməyə gəlmişik. Mən 43 ildir burada çalışıram, ilk dəfədir belə hadisə baş verir. Dünən işdə olmamışıq, çünki rəsmi iş günü deyildi. Hadisədən axşam saatlarında xəbər tutduq".

Yaxın ərazidə yaşayan sakinlərdən biri - Cəmilə xanım partlayışın çox güclü səslə müşayiət olunduğunu qeyd edib:

“Alatavada yaşayıram. Həmişə səhərlər kinostudiyanın arxa tərəfindəki parka gəzməyə gəlirəm. Bu gün bir az gec gəldim, istədim nə baş verdiyini öz gözlərimlə görüm. Axşam güclü partlayış səsi eşitdik, yer silkələndi, elə bil, zəlzələ oldu. Ürəyim xəstədir, birtəhər çıxdım bayıra. Qonşular hamısı qaçdı, amma mən çıxa bilmədim. 45 ildir burada yaşayıram, belə hadisə olmamışdı”.

Hadisə nəticəsində evi zərər görən Erkan Xəlilzadənin sözlərinə görə, axşam saat 23 radələrində qəfil gurultu səsləri eşidib: “Əvvəlcə elə bildim səs “İmperial” şadlıq sarayı tərəfdən gəlir. Sonra məlum oldu ki, səs düz binanın yanından gəlir, özü də çox güclüdür. Pəncərəyə yaxınlaşanda gördüm, alov qalxır. Partlayışın küləyi necə vurdusa, geriyə çəkildim. Bütün bina sirkələndi”.

Onun sözlərinə görə bina sakinləri təşviş içində çölə qaçıblar:

“Tüstü-duman içində bilmirdik hara qaçaq. Liftlərə minmədən həyətə endik. Əvvəl dedilər, generator partlayıb, sonra dedilər ki, kinostudiyada pirotexniki vasitələr varmış, səs oradan gəlir. 15-20 dəqiqə ərzində partlayış səsləri gəlirdi. Pəncərələrimiz qırılıb, kombinin borusu düşüb, qapının kənarları qopub. Bütün qonşuların pəncərələrində dəmir örtüklər yerə tökülüb. Yaxşı ki, eyvanda heç kim olmayıb. Olsaydı xəsarət alardı, çünki böyük daşlar sıçramışdı. Daşlar düz evlərin pəncərələrinə dəyib”.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında deyilir ki, “Azərbaycanfilm" kinostudiyasında baş verən partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb.

Taxta qutularda yığılan digər pirotexniki vasitələr, 3 ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Избранный
17
1
teleqraf.com

1Источники