RU

Tarixin gedişini dəyişdirən - 751-ci il Talas Döyüşü

Tarixin bəzi anları var ki, onlar yalnız savaş deyil — taledir. Təkcə silahların deyil, mədəniyyətlərin, dinlərin, yönlərin qarşılaşmasıdır. Talas döyüşü də məhz belə bir an idi. VIII əsrin ortalarında Talas çayı sahilində baş verən bu unudulmaz toqquşmada təkcə Çin və ərəb orduları qarşılaşmırdı. Bu, həm də iki sivilizasiya — Şərqin qədim Buddist-Asiya ənənəsi ilə yeni doğulmuş İslamın ideoloji və mədəni qarşıdurması idi.

Heç kim o zaman fərqində deyildi ki, Talasda vuruşan qılınclar təkcə torpaq üçün deyil, mənəviyyat və gələcək üçün savaşırdı. Bu döyüşdə türk tayfalarının mövqeyi yalnız hərbi baxımdan deyil, həm də tarixi miqyasda həlledici oldu. Bu, türklərin tarixində dönüş nöqtəsi, İslamla ilk böyük təmas, Çinin Orta Asiyadakı hökmranlıq arzularına vurulan ağır zərbə idi. Talas çayı sahilindəki qanlı meydan bir sivilizasiyanın geriyə çəkildiyi, digərinin isə irəli atıldığı yerdir.

Bu layihə çərçivəsində yazılmış məqalə Talas döyüşünün yalnız tarixi faktlarını deyil, həm də bu faktların arxasındakı dərin mənanı üzə çıxarmağa çalışır. Çünki Talas — sadəcə bir savaş deyil, Türk-İslam tarixinin başlanğıcı, türkün öz ruhunu yenidən tapmağa doğru atdığı ilk addımdır.

Döyüşdən öncə …..

751-ci ildə, hazırkı Qırğızıstan ərazisindən axan Talas çayı sahilində baş verən döyüşün iştirakçıları, bu toqquşmanın Orta Asiyada Çin irəliləyişlərinin qarşısını alacağını, Buddizmin bölgədə süquta uğrayacağını, Buddist Asiya ilə müsəlman Asiyası arasında sərhədin müəyyən olunacağını, həmçinin türklərin İslama keçidini sürətləndirəcəyini təsəvvür belə edə bilməzdilər.

VIII əsrdə iki böyük imperiya — Çin və Ərəb Xilafəti — Asiyanın müxtəlif istiqamətlərində yayılmaqda idi. 618-ci ildə Çində Tan sülaləsinin hakimiyyətə gəlməsi ilə imperiya güclənməyə başladı və bir əsr ərzində Sakit okeandan Əfqanıstana qədər uzanan nəhəng bir dövlət quruldu. Tan imperiyası, əfsanəvi Han sülaləsini də geridə qoyaraq, tarixdə ən güclü Çin dövlətlərindən birinə çevrildi. Onun qurucusu Li, qohumluq və mədəni əlaqələr vasitəsilə Orta Asiyanın türk xalqları ilə sıx münasibətlər qurdu. Lakin buna baxmayaraq, imperiya Tibet və türk dövlətləri ilə fasiləsiz mübarizələr aparırdı. Tan dövləti Orta Asiyada kiçik dövlətləri öz nəzarətinə almağa çalışırdı və bu məqsədlə türk tayfaları arasındakı münaqişələrdən məharətlə istifadə edirdi.

Orta Asiyanın qərbində isə yeni yaranmış İslam Xilafəti həm Sasani, həm də Bizans imperiyalarını məğlub edərək, şərqə doğru genişlənməkdə idi. Əməvilər dövründə xilafət orduları sürətlə İspaniyadan Orta Asiyaya və Qafqaza qədər irəlilədi.

Çinlilər və ərəblər arasında ilk hərbi toqquşmalar Əməvi qoşunlarının Orta Asiyaya daxil olduğu dövrdən başlamışdı. 715-ci ildə baş verən ilk qarşıdurma ərəblərin məğlubiyyəti ilə nəticələndi. İkinci döyüş isə 717-ci ildə baş verdi və bu dəfə də çinlilər tibetlilərlə və türkeşlərlə birlikdə ərəblərə qalib gəldilər.

750-ci ildə Əməvi sülaləsi süqut etdi və onun yerinə Abbasilər hakimiyyətə gəldi. Yeni sülalə xilafətin əvvəlki sərhədlərini qorumağa və möhkəmləndirməyə qərarlı idi. Xüsusilə, şərq sərhədləri — Mavarünnəhr, Fərqanə vadisi və ətraf ərazilər narahatlıq doğururdu. Eyni zamanda, hər iki imperiya Böyük İpək Yoluna nəzarət etmək niyyətində idi.

Bu dövrdə ərəb ordusuna istedadlı sərkərdə Ziyad ibn Saleh rəhbərlik edirdi. Onun müttəfiqləri arasında Tibet və Uyğur qüvvələri də var idi. Çin ordusunun qərb cinahına isə etnik koreyalı general-qubernator Qao (Xao) başçılıq edirdi. Çin ordusunda etnik mənsubiyyəti fərqli olan sərkərdələrin komandir təyin edilməsi təəccüblü deyildi, çünki hərbçilik Çin aristokratiyası üçün prestijli hesab olunmurdu.

750-ci ildə Fərqanə hakimi ilə qonşu Daşkənd hökmdarı arasında sərhəd münaqişəsi baş verdi. Daşkənd şahı yardım üçün çinlilərə müraciət etdi və general Xao onun köməyinə gəldi. Lakin Xao Daşkəndi mühasirəyə aldı və şəhər təslim olsa da, şahın başı kəsildi, şəhər isə qarət olundu. Şahın oğlu qaçaraq hadisəni Xorasandakı ərəb valisi Əbu Müslimə xəbər verdi.

Bu hadisə ərəb komandanlığını dərhal hərəkətə keçməyə vadar etdi. Ərəblər həm qisas almaq, həm də Abbasi hakimiyyətini bölgədə gücləndirmək niyyətində idilər.

Talas Döyüşü: Gedişat və nəticələr

Döyüşdə iştirak edən orduların sayı haqqında dəqiq məlumat yoxdur. Bəzi mənbələr hər iki tərəfin 100.000 nəfərdən çox əsgəri olduğunu qeyd etsə də, əksər tarixçilər bu rəqəmləri şişirdilmiş hesab edir. Gerçək sayın hər iki tərəfdə 30.000-50.000 arasında olduğu güman olunur.

Abbasi ordusunun tərkibində ərəb, tibet və türkeş qüvvələri var idi. Çin ordusu isə Çin əsgərləri ilə yanaşı müttəfiqlərdən ibarət idi və onların tərəfində qarluq türkləri də döyüşürdü. General Xao qarluq döyüşçülərini cinahlarda yerləşdirmişdi.

Döyüşün gedişi ilə bağlı iki əsas versiya mövcuddur. Birinci versiyaya görə, ilk üç gün döyüş mərkəzdə və cinahlarda şiddətli qarşıdurmalarla keçdi. Çin ordusu daha çox piyada və oxatanlardan ibarət idi, ərəb ordusunun isə yarısı süvari qüvvələrdən təşkil olunmuşdu. Çin piyadaları daha yaxşı zirehlə təchiz olunduğundan, ərəb piyadaları ciddi itkilər verdi. Dördüncü gün Ziyad ibn Saleh ehtiyatda olan süvari qüvvələri döyüşə daxil etdi. Lakin döyüşün taleyini çin cinahlarına yerləşdirilmiş qarluq türklərinin qəfil xəyanəti və çin ordusuna hücumu həll etdi. Nəticədə, Abbasi ordusu hər tərəfdən hücuma keçərək Çin ordusunu darmadağın etdi.

İkinci versiyaya görə, tərəflər dörd gün hücuma keçməyə cəsarət etmədi. Beşinci gün isə qarluq qüvvələri gözlənilmədən Çin ordusunun arxasına hücum etdi. Eyni anda Abbasi ordusu da ön tərəfdən hücuma keçdi. Çin ordusu tamamilə dağıldı, general Xao sağ qalan əsgərlərlə birlikdə döyüş meydanını tərk etdi. Yalnız iki min çinli əsgər sağ qalıb geri dönə bildi.

Mənbələrə görə, döyüşdə Abbasi ordusu təxminən 10.000 nəfər itki verdi. Çin ordusunun itkiləri isə 30.000 nəfərə qədər göstərilir.

Talas Döyüşünün tarixi və mədəni əhəmiyyəti

Talas Döyüşü Türk və İslam tarixində dönüş nöqtəsi olmuşdur. Bu döyüş nəticəsində:

  • Çin imperiyası Qərbi Türküstanda genişlənmək planlarından birdəfəlik əl çəkdi;
  • Türk tayfaları Çin təzyiqindən azad oldu;
  • Qarluqlar öz müstəqil dövlətlərini yaratdılar, uyğurlar isə Şərqi Türküstanda dövlətlərini bərpa etdilər;
  • Türk-ərəb münasibətləri dərinləşdi, türklər Abbasi dövlətinin hərbi və inzibati strukturlarında mühüm rol almağa başladılar;
  • Bu yeni siyasi konfiqurasiya nəticəsində ilk Türk-İslam dövləti olan Qaraxanlılar dövlətinin təməlləri qoyuldu.

Talas döyüşü eyni zamanda mədəni və texnoloji baxımdan da əhəmiyyətli nəticələrə səbəb oldu. Döyüş zamanı ələ keçirilmiş Çinli əsirlər arasında kağız istehsalçıları da vardı. Onların sayəsində Xilafətdə ilk kağız dəyirmanları quruldu. Bu texnologiya sonradan Avropaya keçdi və qitənin mədəni inkişafına təkan verdi.

Bundan başqa, Hindistanla əlaqənin zəifləməsi nəticəsində Çin və Yaponiyada Buddizmin fərqli formaları formalaşdı. İslam mədəniyyətinin Orta Asiyada yayılması gücləndi və bu, türk xalqlarının İslam dinini qəbul etməsinə şərait yaratdı.

Nəticə etibarilə, Talas Döyüşü təkcə hərbi baxımdan deyil, həm də geosiyasi, dini və mədəni aspektdən Asiya tarixində dönüş nöqtəsi oldu.

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Demokratiya və Qadın Təşəbbüsləri" ictimai birliyi tərəfindən icra olunan “Keçmişin kölgələri - türk dünyası tarixinin müqayisəli təhlili” layihəsi çərçivəsində hazırlanmışdır. Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. 

Tarixçi Kənan Əsgərli

 

Избранный
4
50
musavat.com

10Источники