RU

“8 Noyabr” Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək”-Millət vəkili

“8 Noyabr” Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək. Bu, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Belə ki, Mingəçevir şəhərinin bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Yeni stansiya Azərbaycanın enerji sahəsində qarşıya qoyduğu bir çox məqsədləri təmin edəcək. Belə ki, şərti yanacaq sərfiyyatının kəskin aşağı düşməsilə təbii qaza qənaət etmək üçün imkan yaranacaq. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Bu nəticələr ilk növbədə hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar hesabına əldə olunur.
“8 noyabr” stansiyası cəmi 2 il ərzində ərsəyə gəlib. Halbuki bu cür layihələrin inşası adətən 3-5 il tələb edir. Eyni zamanda dünyanın bir çox ölkələrindəki bənzər layihələrə xərclənən vəsaitlə müqayisədə bu stansiyanın inşasına kifayət qədər az vəsait sərf olunub”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, Elektrik Stansiyasının təhlükəsiz və dayanıqlı şəkildə işləməsi ölkənin inkişafına təkan verəcək:

“Bu gün dünyadakı geosiyasi vəziyyət Azərbaycanın enerji siyasətinin əhəmiyyətini bir daha ön plana çıxarır. Enerji təhlükəsizliyinin ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir. Məlum olduğu kimi, Azərbaycan 12 ölkəyə qaz satır, onlardan 10-u Avropa ölkəsidir. Beləliklə, qaz təchizatının coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir.
2024-cü ildə xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü il ilə müqayisədə 5,8 faiz çoxdur.
Prezident İlham Əliyev də bəyan edib ki, bu il yeni yataqlarda, əsasən “Azəri-Çıraq-Günəşli” Dərin Qaz Strukturunda yeni hasilatın başlamasını gözləyirik. Həmçinin “Abşeron” yatağında hasilatın artırılmasına dair razılaşmanın son mərhələsindəyik. Bu da ikinci fazaya keçid edərək hazırkı 1,5 milyard kubmetrə minimum 3 milyard kubmetr əlavə olunması deməkdir.
Yəni, Azərbaycan etibarlı və proqnozlaşdırılabilən tərəfdaş olduğu üçün işbirliyində maraqlı olan ölkələrin sayı artır. İnterkonnektorlar və Cənub Qaz Dəhlizinin genişləndirilməsi imkanları bir qədər də artırır.
Təsadüfi deyil ki, Azərbaycan və Avropa Komissiyası arasında imzalanan energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memorandumdan sonra Avropaya qaz təchizatı təxminən 60 faiz artdı. Azərbaycan etibarlı tərəfdaş kimi yeni yataqları və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarını nəzərə alaraq, istehlakçılara daha çox qaz vermək niyyətindədir. Üstəlik, daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyi də Azərbaycanı enerji təhlükəsizliyi baxımından daha cəlbedici edir. Təsadüfi deyil ki, Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarla imzalanmış müqavilələr 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin etməyə imkan verəcək. İşğaldan azad olunmuş ərazilərin potensialı hesabına növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalını 2 dəfə artırmaq mümkün olacaq.
Beləliklə, Azərbaycanın atdığı addımların nə dərəcədə düzgün olduğu bir daha təsdiqini tapır”.

 

//Gülnarə Abasova, Editor.az

Избранный
68
50
editor.az

10Источники