Ermənistanda dövlət orqanları ilə Apostol Kilsəsi arasında gərginlik kritik həddə çatıb.
Musavat.com xəbər verir ki, bu gün tanınmış din xadimi, Arxiyepiskop Mikael Acapaxyan istintaqa çağırılıb.
Keşişin istintaqa getməsi prosesində onu jurnalistlər və media təmsilçiləri müşayiət edib. Acapaxyan 4-5 kilometr məsafəni piyada qət etdikdən sonra avtomobilə əyləşərək Ermənistan İstintaq Komitəsinə doğru yola düşüb. O, maşına minərkən Sputnik Armenia-nın jurnalistinin “xalqınıza nə demək istərdiniz?” sualına qısa şəkildə cavab verib: “Qələbə!”
Bu hadisə Ermənistanın daxili siyasi və dini mühitində böyük rezonansa səbəb olub. Kilsəyə yaxın mənbələr bildirirlər ki, bu, təkcə hüquqi prosedur deyil, həm də dövlətin Apostol Kilsəsinə qarşı başladığı sistemli hücumun davamıdır. Son günlər İrəvanda kilsəyə məxsus əmlakların müsadirəsi, keşişlərin dindirilməsi və İstintaq Komitəsinə çağırılması ilə bağlı faktlar bu iddiaları gücləndirir.
Gərgin vəziyyətə Katolikos Böyük Kilikya Evinin rəhbəri I Aram da münasibət bildirib. O, verdiyi bəyanatda Ermənistan hakimiyyətini məsuliyyətli davranmağa çağırıb:
“Ermənistanda yaranmış mürəkkəb vəziyyətin həlli üçün ilk addım, bir-birini açıq şəkildə ittiham etməyə son qoymaq olmalıdır. Hadisələrin gedişi ölkəni dəhşətli təhlükələrlə üz-üzə qoya, geriyə dönüşü olmayan nəticələrə səbəb ola bilər,” – deyə I Aram vurğulayıb.
O, eyni zamanda bu gün baş verən və hüquq-mühafizə orqanlarının Eçmiədzinə daxil olmasını da qınayıb. Katolikos hesab edir ki, bütün mübahisəli məsələlər qarşılıqlı anlaşma və hörmət şəraitində, sakit atmosferdə həll edilməlidir.
Musavat.com analitiklərinin fikrincə, dövlət və kilsə arasında bu qarşıdurma təkcə dini deyil, həm də siyasi və ideoloji xarakter daşıyır.
Erməni xalqını və bütövıükdə Güney Qafqazı öz zəhərli ideologiyası ilə qarışdıran Eçmiədzinə nəhayət, yerini göstərən, türk düşməni keşişlərə həddini göstərən hökumət ortaya çıxdı. Bu reallıqların hamısı Azərbaycanın, onun "Dəmir Yumruq"unun əsəridir.
Ermənilər son 200 ildə ilk dəfə bu qədər açıq və amansız şəkildə bir- birinin "ətini" yeyirlər. Onlara bu da azdır.
Musavat.com