RU

“Qərbi Azərbaycan Kuboku birlik nümunəsidir”

Qərbi Azərbaycan Kuboku – II mini futbol çempionatı artıq geridə qaldı. Çempionat yalnız idman baxımından deyil, eyni zamanda Qərbi azərbaycanlıların birlik və həmrəyliyini nümayiş etdirməsi ilə yadda qaldı.

Barana rayon İcmasının sədri Osman Hacıyev 90deqiqe.Az-a açıqlamasında çempionatla bağlı fikirlərini bölüşüb. O, çempionatı Qərbi Azərbaycan İcmasının ən uğurlu layihələrindən biri adlandırıb:

“Qərbi Azərbaycan Kuboku – Mini Futbol Çempionatı Qərbi Azərbaycan İcmasının ən uğurlu layihələrindən biridir. Bu yarışma icmalar arasında birliyin, həmrəyliyin bariz nümunəsinə çevrilib. Final oyunu zamanı müşahidə edilən kütləvilik də bunun göstəricisidir.”

Osman Hacıyev bildirib ki, Barana rayonunu təmsil edən komanda qrup mərhələsində uğurla çıxış edib:

“Komandamız qrupda keçirdiyi üç oyunun hamısında qalib gəldi və birinci yeri tutaraq 1/4 finala yüksəldi. Təəssüf ki, növbəti mərhələdə komandanın öz qapımıza vurduğu iki qol nəticəsində Böyük Qarakilsə komandasına 4:3 hesabı ilə məğlub olduq. Bu idmandır, belə hallar mümkündür.”

O, həmçinin ümumi təşkilatçılığa yüksək qiymət verib, bəzi texniki çatışmazlıqlara baxmayaraq, turnirin yüksək səviyyədə keçirildiyini vurğulayıb:

“Ümumilikdə bəzi qüsurlar olsa da, turnir çox gözəl təşkil olunmuşdu. Əmək göstərən hər kəsə təşəkkür edirəm.”

Osman Hacıyev eyni zamanda gələcəkdə bu cür yarışların şahmat üzrə də təşkil olunmasının məqsədəuyğun olacağını qeyd edib:

“Təklif edirəm ki, belə yarışmalar təkcə futbol yox, şahmat kimi intellektual sahələri də əhatə etsin. Bu, gənclərin daha çox sahədə aktivləşməsinə imkan verər.”

Sonda icma rəhbəri çempionatın nəticələrini dəyərləndirərək qalibləri təbrik edib:

“Loru komandası çempion oldu, Amasiya ikinci, Böyük Qarakilsə isə üçüncü yeri qazandı. Hər üç komandanı səmimi-qəlbdən təbrik edirəm.”

Избранный
33
90deqiqe.az

1Источники