Son iki həftədir ki, Ermənistanda kilsə ilə hakimiyyət arasında mübarizə alovlanmaqdadır.
Maraqlıdır, kilsə və hakimiyyət arasındakı qarşıdurma, artan daxili gərginlik beynəlxalq arenada Ermənistanın nüfuzunun daha da azalmasına, kənar güclərin bu ölkəyə müdaxilə imkanlarının genişlənməsinə səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov kilsə-hakimiyyət mübarizəsinin Ermənistan üçün ciddi fəsadları olacağını bildirib:
“Ermənistan ictimai mühitində davam edən məğlublub sindromu erməni toplumunun gələcəyə olan ümidlərini böyük ölçüdə məhdudlaşdırıb. Erməni şərhçilərin hətta yaxın gələcəkdə Qərbi Zəngəzurun Azərbaycan tərəfindən ilhaq ediləcəyi fikri ciddi şəkildə özünə yer etmişdir. Hətta onlar bunu gözləyirlər və bunu da qəbul etmiş durumdadırlar. İndi belə bir mühitdə davam edən kilsə və hakimiyyət qarşıdurması erməni toplumunun gələcəyə olan ümidlərini daha da puça endirəcək. Ermənistan getdikcə xaosa sürüklənəcək ki, bu da əhalinin Ermənistanı tərk etməkdən başqa çarəsi qalmayacaq.
Ermənistanda baş verəcək qarşıdurma mühiti eyni zamanda hakimiyyətin də əlini zəiflədəcək. Bu, erməni hakimiyyətini Azərbaycanın tələbləri qarşısında çıxılmaz vəziyyətə salacaq. Təbii ki, Azərbaycan tərəfinin Ermənistan hakimiyyətinə problem çıxarmaq kimi bir istəyi yoxdur. Əksinə, sülh bağlamağı planlaşdırdığı Ermənistanda hər hansı qarşıdurmada maraqlı deyil. Bu, Ermənistanda kənar güclərin daha da aktivləşməsinə gətirib çıxaracaq. Maraqlı güclər dəstək adı altında Ermənistanda özlərinə daha da yer etmək üçün şərait əldə edəcəklər. Məsələn, İran, ya Rusiya kimi.
Görünən odur ki, Ermənistanda hakimiyyət davası kilsə və hakimiyyəti elə bir həddə gətirib ki, hər iki tərəf bu mübarizəni ölüm-qalım məsələsi hesab edirlər. Əslində, bu, həqiqətən də belədir. Mübarizədə məğlub olan tərəfin siyasi arenadan silinmək ehtimalı böyükdür. Kilsə yüz illik tarixi ideoloji hegemonluğunu əldən vermək istəmir, hakimiyyət isə bu ideologiyanın erməni toplumunun gələcəyini şübhə altına aldığını hesab edərək yeni yol tutmağı istəməklə özünü güclü kilsə və lobbi güclərinin qarşısına atır.
Hesab edirəm ki, Ermənistan yol ayrıcındadır. Ya saxta tarixi buxovlarondan qurtulub normal tərəfdaşlıq yolunu seçəcək, ya da həmin saxta tarixin qurbanına çevriləcək”.
Seymur ƏLİYEV