RU

"Süni insan DNT-si yaradılır: Elmdə yeni bir sədd aşılır" - BBC

"Kembricdə irimiqyaslı layihə: Genetik kod sıfırdan yazılır..."

İngiltərənin Kembric şəhərində yerləşən MRC Molekulyar Biologiya Laboratoriyasında bəşəriyyətin ən iddialı və eyni zamanda ən mübahisəli elmi təşəbbüslərindən biri başlayıb. Burada alimlər insanın genetik kodunu - DNT-ni sıfırdan, atom-atom qurmaq üzərində işləyir. Layihə "Süni insan genomu" adlanır və məqsədi canlı orqanizmlərdə mövcud olan genetik materialın təkrar yaradılmasından ibarətdir.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Nəşr qeyd edir ki, bu, sadəcə bir texnoloji təcrübə deyil. Layihə həm tibbi inqilaba yol aça, həm də dərin etik və fəlsəfi suallar doğura bilər.

Nə üçün bu qədər vacibdir?

DNT insanın bütün bioloji xüsusiyyətlərini daşıyan və nəsildən-nəslə ötürülən genetik məlumatın daşıyıcısıdır. Onun strukturu cəmi dörd əsas tikinti blokundan - A, G, C və T adlı molekulyar "hərflər"dən ibarətdir. Bu hərflərin milyardlarla kombinasiyası orqanizmin necə inkişaf edəcəyini, necə görünəcəyini və necə xəstələnəcəyini müəyyənləşdirir.

2003-cü ildə tamamlanan "İnsan genomu" layihəsi bu hərflərin ardıcıllığını oxumağa imkan verib. İndi isə elm adamları bu ardıcıllığı, özü də sıfırdan yazmaq istəyir. Beləliklə, məqsəd yalnız DNT-ni anlamaq deyil, onu yaratmaqdır.

"Wellcome Trust": Riskə qarşı inam

Bu mühüm layihəyə ilkin olaraq 10 milyon funt sterlinq (təxminən 13, 7 milyon dollar) ayıran "Wellcome Trust" dünyanın ən iri tibb elmi fondlarından biridir. Fondun nümayəndəsi doktor Tom Kollinz bildirir ki, bu texnologiyanın gətirə biləcəyi faydalar risklərdən qat-qat çoxdur: "Əgər bu işi biz indidən və məsuliyyətlə başlamasaq, sabah eyni texnologiyanı kimsə nəzarətsiz şəkildə həyata keçirə bilər".

Layihənin əsas vədi insan orqanizminin müəyyən xəstəliklərə qarşı daha dözümlü hala gətirilməsidir. Gələcəkdə bu üsulla, məsələn, qaraciyər, ürək, və ya immun sistemi hüceyrələri süni şəkildə hazırlanıb zədələnmiş toxumaları əvəz edə bilər.

"Həqiqi bioloji inqilab" -  amma hara qədər?

Layihənin əsas üzvlərindən olan doktor Cüliana Seyl isə deyir: "İndi artıq genlərlə istənilən cür dəyişiklik etmək mümkündür. Bu o deməkdir ki, insan orqanizmini yaşlandıqca daha sağlam saxlamaq, bəlkə də qocalmanı yavaşlatmaq üçün üsullar hazırlamaq olar".

Tədqiqatçılar sintetik xromosomlar hazırlayıb, onları təcrübə şəraitində sınaqdan keçirəcəklər. Bu, təkcə yeni müalicə üsullarını kəşf etmək deyil, həm də genetik kodun necə işlədiyini daha yaxşı başa düşmək deməkdir. Professor Metyu Herlz bu prosesin genetik nəzəriyyələri təsdiqləmək və ya inkar etmək üçün misilsiz imkan yaradacağını bildirir.

Etik və hüquqi dilemmalar

Amma bu texnologiya ilə bağlı dərin narahatlıqlar da var. "Beyond GM" təşəbbüs qrupunun rəhbəri Pet Tomas sual edir: "Əgər sabah süni orqanlar və ya süni insanlar yaradılsa, bu varlıqlar kimə məxsus olacaq? Hüquqi baxımdan onlar kimindir?"

Professor Bill Ernşoy insan xromosomlarını süni şəkildə yaradan ilk genetiklərdən biri olaraq xəbərdarlıq edir: "Bu texnologiya artıq var. Onu istədiyiniz qədər tənzimləməyə çalışın, amma əgər bir ölkə və ya təşkilat onu sui-istifadə etmək qərarına gəlsə, qarşısını almaq mümkünsüzdür".

Ernşou hesab edir ki, bu texnologiya genetik "superinsanlar"ın və ya hətta insanabənzər bioloji varlıqların yaradılmasına imkan verə bilər. Bu isə artıq elm deyil, bioetikanın və hüququn sərhədlərinə çatır.

Cəmiyyətin fikri vacibdir

Maraqlıdır ki, layihə yalnız laboratoriyada aparılmayacaq. Kent Universitetindən professor Coy Çjanın rəhbərliyi ilə ictimai rəyin öyrənilməsi üçün xüsusi proqram da həyata keçiriləcək. Məqsəd elmi və texnoloji prosesə cəmiyyətin münasibətini, narahatlıqlarını və gözləntilərini analiz etməkdir. Çjan deyir: "Sadəcə genetiklər və bioetiklər yox, sıravi insanlar da bu texnologiyanın gələcəyi barədə danışmalıdır. Bu, hamımıza aiddir".

Elm, güc və məsuliyyət

İnsan DNT-sinin süni şəkildə yaradılması - bu, sadəcə növbəti texnoloji yenilik deyil, bəlkə də elm tarixində dönüş nöqtəsidir. Bu texnologiyanın sayəsində minlərlə insan həyatı xilas edilə bilər, amma eyni zamanda o, bəşəriyyətin gələcəyinə dair suallar da doğurur: Biz kimik və bizi nə müəyyənləşdirir? Bəşəriyyət genetik "tanrıların" yoluna qədəm qoyur. Bu yolda irəliləmək üçün təkcə güclü mikroskoplara yox, həm də güclü əxlaqi prinsiplərə ehtiyac var.

Избранный
12
moderator.az

1Источники